Zəfər Günü xalqımız üçün həm mənəvi-siyasi, həm də strateji əhəmiyyət daşıyır. Bu tarix ölkəmizin ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Müzəffər Ali Baş Komandanın liderliyi ilə xalqın və ordunun birgə gücü sayəsində möhtəşəm Qələbənin əldə olunması milli qürur mənbəyinə çevrildi.
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaratdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda sülh və sabitlik üçün də əhəmiyyətli zəmin formalaşdırdı. Regionda diplomatik müzakirələrin intensivləşməsi, yeni əməkdaşlıq platformalarının formalaşdırılması da bu Qələbənin nəticəsi kimi qeyd olunur.
Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz haqlarını təmin etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılması beynəlxalq hüququn və tarixi ədalətin bərpası kimi çox mühüm əhəmiyyətə malikdir.
Zəfər Günü milli ruhun və qürurun ifadəsi kimi Azərbaycan xalqını birləşdirən böyük bir dəyərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə vahid iradə və məqsəd ətrafında formalaşan milli birlik bu Qələbəni mümkün etdi.Azərbaycan Ordusunun cəsarəti və xalqın dəstəyi milli birliyi möhkəmləndirdi. Xalq ordunun yanında oldu – gənclər cəbhəyə könüllü olaraq yollandı, hər kəs arxa cəbhədə yardım və dəstək göstərdi. Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı xalqın dövlətə olan etimadını daha da artırdı.
Zəfər Günündən sonra xalqın milli birliyi azad olunan torpaqlarda yenidənqurma işlərində öz əksini tapdı. Xalq Qarabağın bərpası məqsədilə fəaliyyət göstərərək, gələcək nəsillər üçün bu torpaqların yenidən həyat mənbəyinə çevrilməsi yolunda bir araya gəldi.
Bir sözlə, bu Qələbə Azərbaycan tarixində yeni bir səhifə açdı və milli kimliyin qorunub saxlanılmasında xüsusi rol oynadı. Zəfər Günü xalqımızın tarixi yaddaşında milli birliyin, həmrəyliyin və dövlətçilik ruhunun simvolu olaraq əbədiləşdi.
Şanlı Zəfər gənc nəslin vətənpərvərlik ruhunu gücləndirdi. Xalq Qələbə ruhu və müstəqillik ideyasını gələcək nəsillərə ötürməyi öz üzərinə götürdü və bu, ölkənin milli birlik ruhunun gələcəkdə də yaşamasına zəmanət yaradır.
10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat 44 günlük Vətən müharibəsinin sona çatmasını və Qarabağ münaqişəsinin hərbi fazasının bitməsini rəsmiləşdirən mühüm bir sənəddir. Bu bəyanat, münaqişənin siyasi həllində mühüm addım olmaqla yanaşı, regionda sülh və sabitlik üçün yeni bir mərhələ açdı. Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dərhal dayandırıldı. Bu, münaqişə zonasında qan tökülməsinin qarşısını aldı və dinc əhalinin təhlükəsizliyini təmin etdi.
Bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu, ölkəmizin ərazi bütövlüyünün bərpasında önəmli addım oldu və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi.
Bəyanatla Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yeni bir nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Bu dəhliz Azərbaycanın bölgəyə çıxışını təmin edəcək və regional nəqliyyat əlaqələrini inkişaf etdirəcək strateji əhəmiyyətə malikdir.
Nəticə etibarilə, üçtərəfli Bəyanat Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün bir platforma yaradır. Azərbaycan bu Bəyanat əsasında regionda iqtisadi layihələr, nəqliyyat yolları və inkişaf perspektivləri təklif edərək bütün Cənubi Qafqazın rifahına töhfə verməyi hədəfləyir.
Heydər Əsədov
Milli Məclisin deputatı