Siyasət

  • 349

Azərbaycan məzlum xalqların dəstəkçisidir ŞƏRH

image

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu Sammitdə ölkə başçımız cənab İlham Əliyev son dərəcə ətraflı təhlillərlə iqlim dəyişmələrinə, ada dövlətlərinin problemlərinə və inkişaf etmiş dövlətlərin məsuliyyətlərinə aydınlıq gətirdi. Sammitdə bəyan edildi ki, respublikamız ondan çox kiçik ada dövlətinin Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanmasına vəsilə olub, Qoşulmama Hərəkatı çərçivəsində 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Görülən işlər dövlətimizin iqtisadi potensialının imkanlarını və qlobal problemlərə həssaslığını nümayiş etdirir.

Cənab İlham Əliyevin çıxışının ən maraqlı məqamı Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı “dəniz ərazilərinin” iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olmasını, artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulmasının həmin regionlara ciddi təhlükə yaratmasınıvə müstəmləkələrin səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulmasını dilə gətirməsi idi. Neokolonializmə diqqət çəkmək vacib məsələ idi. Dünyada ikili standartların hökm sürdüyü bir dövrdə gerçəkləri uca səslə deməyin vaxtı çoxdan çatmışdı.

COP29-a məsuliyyətlə evsahibliyi edən ölkəmizə təzyiqlər edən dövlətlərə, boykot etməyə çağıran siyasilərə, gəlməkdən imtina edən avatüristlərə qarşı Azərbaycan Respublikasının Prezidentinin cavabı gecikmədi. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29-u siyasiləşdirməyə çalışan antiazərbaycan qüvvələrə qarşı elə siyasi də cavab verildi. Belə ki, müstəmləkə xalqlarını alqışlamaq jesti bizə hegemonluq etməyə çalışan Fransaya bir sərt cavab idi. Əsrlərlə Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi ada dövlətlərini istismar edən Fransanın 44 günlük müharibə günlərində Azərbaycanı “işğalçılıqda” günahlandırmış, bu günə qədər də Ermənistanı hərbi-siyasi cəhətdən dəstəkləməkdə davam edir.

Bu gün dünya xalqlarını narahat edən iqlim dəyişmələri siyasi hikkələrin kölgəsində qalmamalıdır. Respublikamızın başçısı cənab İlham Əliyevin dediyi kimi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.”

Leyla Hüseynova

YAP Yasamal rayonAMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər