Siyasət

  • 989

İctimai münasibətlərin və xidmətlərin müasir Azərbaycan modeli

image

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"

Con illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və bu gün onun tabeliyində "ASAN xidmət" mərkəzləri xidmət göstərir ki, bu da qısa müddətdə özünü doğrultdu.

"ASAN xidmət" mərkəzlərinin yaradılması vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi kimi məqsəd daşıyır.

"ASAN XİDMƏT" DÜNYAYA NÜMUNƏDİR

Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bu onu göstərir ki. Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir: "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "ASAN xidmət" ictimai münasibətlərin və xidmətlərin müasir modelidir". Müasir dövrümüzdə "ASAN xidmət" dünyaya nümunə olan modeldir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. "ASAN" Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb. Bu modeldən dünya ölkələri bəhərələnir. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırda bir çox ölkələr üçün önəmli çağırışlardan biri olduğundan tərəfdaş ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi, təcrübələrin paylaşmağı istiqamətində fəal əməkdaşlıq aparılır. Beynəlxalq qabaqcıl təcrübə kimi "ASAN xidmət" modeli Afrika ölkələri üçün təqdim olunub. Artıq Əfqanıstanda eyniadlı qurum təsis edilib.

AZƏRBAYCANIN İNAMLI İNKİŞAFININ GÖSTƏRİCİSİ

Göründüyü kimi, bu gün Azərbaycan dünyaya inteqasiya edir, öz məhsullarını dünya bazarına çıxarır, moderin, yenilikçi ölkə olaraq dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığa üstünlük verir. Əvvəllər yeni texnologiyalar, yeniliklər xaricdən Azərbaycana gətirildiyi halda, müasir dünyamızda Azərbaycan bu yeniliklərlə dünyanı təəccübləndirir. İnkişaf etmiş ölkələr intellektual məhsulun sahibi kimi çıxış edirdilərsə də bu gün Azərbaycanda intellektual məhsulu yaradılıb. Cənab İlham Əliyev "ASAN xidməti" xalqımızın intellektual səviyyəsinin, Azərbaycanın inamlı inkişafının göstəricisi kimi dəyərləndirir.

Bu gün ölkəmizdə məkəzlərin sayı artmaqdadır. 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. 3 may 2013-cü ildə isə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı oldu. Beləliklə davamlı olaraq "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladı. Gəncədə, Sabirabadda, Masallı və Qəbələdə, Qubada, İmişlidə və Şəkidə və digər yerlərdə fəaliyyətə başlayıb. Əlbəttə ki, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb.

400-DƏN ÇOX EKOLOJİ LAYİHƏ

ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Təşkilat 23 oktyabr 2013-cü ildə yaradılıb. Elə həmin il təşkilatın ilk qurultayı keçirilib. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir. Hal-hazırda 30 mindən çox üzvü var. Könüllülərlə doqquz il ərzində fədakar işin nəticəsində 2 min 200 tondan çox kağız uğurla təkrar emal edilib və 37 min 400-dən çox ağac xilas olunub. Ümumilikdə, 400-dən çox ekoloji layihə keçirilib və 100-dən çox ağacəkmə və təmizlik aksiyası təşkil olunub. Gənclər təşkilatı isə "ASAN Məktub" sosial proqramı, "Əsgərə Məktub" layihəsi, "Mədəniyyət Carçısı" proqramı layihələrini təşkil edib.

2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur. Bakı və Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər. İndiyə qədər səyyar "ASAN xidmət"ə 2 600 000 çox müraciət edilib.

Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Bu sırada Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması da qeyd olunmalıdır. Qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü. "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.

VƏTƏNDAŞLARIN "ASAN XİDMƏT"DƏN MƏMNUNLUQ SƏVİYYƏSİ 99,8 FAİZDİR

Ümumiyyətlə, bu gün Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin, həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın bütövlükdə inkişafı imkan verir. "Ölkəmiz müasirləşir, inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar, – deyən Cənab İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. "ASAN xidmət"i fərqləndirən cəhət onun vətəndaş məmnunluğuna və dövlət sektoruna duyulan inama diqqət yetirməsidir. Bunun nəticəsidir ki, bu gün vətəndaşların "ASAN xidmət"dən məmnunluq səviyyəsi 99,8 faiz təşkil edir. Bu mərkəzlərdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər