Azərbaycan daha bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə mötəbər tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi.Belə bir tədbirə ev sahibliyi etmək üçün 200-ə yaxın ölkədən dəstək almaq Azərbaycan üçün böyük şərəf idi.Eyni zamanda, dünyanın ölkəmizə olan inam və etibarının təsdiqi idi.
Bakıda keçirilən COP29 ən möhtəşəm tədbirlərdən biri kimi tarixə düşəcək.Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq.Əminliyə əsas verən Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin mövcudluğudur.Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair Bəyanat da yaydı. Həmin sənəddə Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçildiyi xüsusi vurğulanır.
COP29-da müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Məhz belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.Bütün bunları analiz edəndə açıq-aydın görünür ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün, əgər belə demək mümkünsə, müsbət presedent yaradıb. Mütəxəssislərin fikrincə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi də sayıla bilər. Elə buna görə də BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Şübhəsiz, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər ölkəmizin liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı