Siyasət

  • 356

Azərbaycandan Albaniyaya dost təbriki!

image

Prezident İlham Əliyev: "Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur"

Son 21 ildə Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqaya Albaniya Respublikasının milli bayramı münasibətilə ünvanladığı təbriki dövlətlərarası əlaqələrin möhkəm təməl üzərində davamlığına əsaslanır. Dövlətimizin başçısı "Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır", - deyə təbrikində qeyd edib: "Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir. Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

"AZƏRBAYCANLA ALBANİYA YAXIN DOST VƏ QARDAŞ ÖLKƏLƏR OLARAQ BİR YERDƏ İŞLƏYİR"

Dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır". Dövlət başçısı qeyd edib ki, çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına ilk səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərin, dialoqun daha da inkişafına təkan oldu. Dövlət başçısının bu səfəri dövlətlərarası münasibətlərin daha da inkişafına, xalqlar arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir. "Biz çox sıx dostluq münasibətləri qurmuşuq və Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var", - deyən Cənab Prezident bunun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu söyləyib. Hər iki dövlətin beynəlxalq təşkilatlarda fəal çalışdığını qeyd edən Cənab Prezident qeyd edib ki, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk: "Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq".

ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İQTİSADİ ƏLAQƏLƏRİN ƏSAS İSTİQAMƏTİDİR

Ölkələr arasında bir çox məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. İqtisadi sahədə Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Bütün bunlarla yanaşı, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır və TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar.

GÜCLÜ TƏRƏFDAŞLIQ: REGİONAL TƏHLÜKƏSİZLİK VƏ SABİTLİK

Bildiyimiz kimi, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rola malikdir. Bu əməkdaşlıq getdikcə daha da möhkəmlənir. Albaniya da NATO-nun üzvü kimi NATO - Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.

Məlumdur ki, 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub.

Göründüyü kimi, möhkəm təməl üzərində qurulan münasibətlər əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq müsbət təsirini göstərəcəkdir

Zümrüd BAYRAMOVA

Digər xəbərlər