Mixail Yevdokimov: “Qısa müddətdə bütöv şəhərlər, yeni yollar salındı, infrastruktur bərpa olundu. İnsanlar öz tarixi torpaqlarına qayıdır, dinc həyata başlayırlar. Və bu, böyük hörmətə layiqdir”
Azərbaycanda rus dilinə maraq yüksək səviyyədə qalır. Ölkədə rus dilində tədris sektoru olan 340-a yaxın məktəb var ki, orada 140 minə yaxın uşaq təhsil alır. Ölkənin 15 mindən çox vətəndaşı rus dilində ali təhsil alır. Rusiyanın səfiri Mixail Yevdokimov Bakıda Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş qala gecəsi çərçivəsində “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Respublikasında rus dili ilə bağlı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Səfirin müsahibəsini oxucularımıza təqdim edirik.
- Mixail Nikolayeviç, rus dilinin Azərbaycanda mövqeyi necədir?
- Əvvəllər olduğu kimi, Azərbaycanda rus dili çox populyardır, ona tələbat var. Ölkənin məktəb və universitetləri təkcə rus dilini öyrənmək deyil, həm də orada təhsil almaq imkanı yaradır, ali təhsil sistemində yüksək ixtisaslı rusiyalı mütəxəssislər çalışır, Bakı küçələrində isə demək olar ki, hər kəs rus dilində danışa bilir. Bakıda hər il azərbaycanlı məktəbli və tələbələrin iştirak etdiyi müxtəlif mədəni-maarif layihələri, müsabiqələr və olimpiadalar həyata keçirilir. Və bu, əlbəttə ki, bizi yalnız sevindirir. Elə bu günlərdə dahi rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş qala gecəsində iştirak etdim. O, “Mixail Yuryeviç Lermontov və Qafqaz” respublika layihəsi çərçivəsində təşkil olunub. Təsəvvür edin, bu layihədə rus dilini sevən və rus klassiklərini orijinalda oxumaqdan həzz alan 700-dən çox azərbaycanlı gənc iştirak edib.
Bu qəbildən olan layihələr bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi ölkədə rus dilinin inkişafına böyük önəm verir. Və biz bu dəstəyi hər gün hiss edirik. Biz görürük ki, azərbaycanlı uşaqlar həm ana dilində, həm də rus dilində necə mükəmməl danışırlar. Təbii ki, belə humanitar və mədəni tədbirlər Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bir-biri ilə sərbəst ünsiyyət qurmaq imkanı yaradır. Burada rus klassiklərinin əsərləri çox populyardır. Azərbaycanlılar Puşkini, Dostoyevskini, Turgenevi, Çexovu, Yesenini, Lermontovu orijinalda həvəslə oxumağa davam edirlər. Rus klassiklərinə olan bu sevginin gənc nəslə necə ötürüldüyünü görmək xüsusilə xoşdur
- Bu ilin martında portalımıza müsahibələrinizin birində Bakıda yeni Rusiya-Azərbaycan universitetinin açılmasının nəzərdə tutulduğunu demişdiniz. Proses necə gedir?
- Biz bunun üzərində fəal işləyirik. Bu günlərdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olub. Rusiyalı həmkarları ilə görüşdə Rusiya-Azərbaycan universitetinin yaradılması layihəsini hazırlayacaq birgə işçi qrupunun təşkili qərara alınıb. Deməli, proses irəliləyir... Biz də Azərbaycan məktəblərində rus sektoruna əlavə olaraq Rusiyanın Azərbaycandakı səfirliyinin nəzdində məktəb açmaq istəyirik. Yeni məktəbdə uşaqlar Rusiya standartları üzrə təhsil alacaqlar. Müvafiq olaraq, məktəbi bitirmə sertifikatları həm Azərbaycanda, həm də Rusiyada ali məktəblərə qəbul zamanı tanınacaq.
- Bəs mədəniyyət və təhsil sahəsində digər birgə layihələr necə olacaq?
- Planlarımız çoxdur. Gələn il Rusiya kinosu festivalları, rus incəsənət ustalarının ustad dərsləri, eləcə də təhsil nümayəndələri ilə görüşlər təşkil olunacaq. Azərbaycan ictimaiyyətinin rus dilində olan mədəni tədbirləri necə müsbət qarşıladığını görürük. Bakıda rusiyalı qonaqları həmişə köhnə, yaxşı dost kimi qarşılayırlar. Rusiya komandaları və nümayəndə heyətləri özləri də böyük məmnuniyyətlə Azərbaycana gəlirlər. Əminəm ki, hər il belə səfərlər daha çox olacaq.
- Artıq iki ildir ki, Azərbaycanda yaşayır və işləyirsiniz. Respublikanın hansı ərazilərində olmusunuz?
- Bu müddət ərzində mən dörd dəfə Qarabağa səfər etmişəm. Füzulini, Laçını, Kəlbəcəri gördüm. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunun dəvəti ilə onun doğulduğu Şuşaya səfər etmişəm. Polad Bülbüloğlu mənə doğulduğu evi göstərdi. O vaxt Bülbülün ev-muzeyinin ərazisində beynəlxalq vokal müsabiqəsi keçirilirdi və konsertdə iştirak etməkdən məmnun qaldım. Qarabağ gözəl təbiəti, təmiz havası olan gözəl bölgədir. Orada ölçülü, sakit bir həyat sürə bilərsiniz. Bugünkü Qarabağ həm də hər kəs üçün nəhəng quruculuq layihələri, böyük imkanlar deməkdir. Qısa müddətdə bütöv şəhərlər salındı, yeni yollar salındı, infrastruktur bərpa olundu, elektrik stansiyaları tikilib istifadəyə verildi. Azərbaycan rəhbərliyinin fantastik işi və inanılmaz səyləri öz bəhrəsini verdi. İnsanlar öz tarixi torpaqlarına qayıdır, dinc həyata başlayırlar. Və bu, böyük hörmətə layiqdir.
- Hələ hara getməmisiniz, amma həqiqətən getmək istərdiniz?
- Gəncəyə. Mənə dedilər ki, bu, qədim tarixə malik çox gözəl şəhərdir. Dahi Nizami Gəncəvinin doğulduğu yer. Hər şey yoluna düşsə, ilin sonuna qədər mütləq Gəncəyə gedəcəm. Rusiya yük maşınları - KAMAZ və Ural istehsal edən Gəncə Maşınqayırma Zavodunun yubileyi münasibətilə keçiriləcək qala tədbirində də iştirak etməyi planlaşdırıram. Əminəm ki, məni maraqlı və maarifləndirici səfər gözləyir...
Tərcümə - Elçin Bayramlı