Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.
Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: «On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir».
Bəli, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımız cənnətə çevrilir. Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Və Azərbaycan xalqı İlham Əliyeva səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 21 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir.
Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən 4 il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan Liderdir!
Bir sözlə, qələbəmizdən 4 il keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: «Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək».
Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard, 2023-cü ildə 5 milyard, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılır. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur. Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Bütün bu nailiyyətlər Azərbaycanın iqtisadi gücünün təsdiqi olmaqla yanaşı, dövlət başçımızın uğurlu iqtisadi siyasətinin təsdiqi olmaqla yanaşı, eyni zamanda işğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilməsidir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır. Dövlət başçımız hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır aə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri