“Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, inkişaf və tərəqqi ilə səciyyələnir. Belə ki, genişmiqyaslı siyasət, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumlarının aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib. Azərbaycan bir ildən az müddət əvvəl isə beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80-dən çox dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdı. Tədbirdə vacib qərarlar qəbul edildi. Belə ki, Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin sözü və əməli birdir. 21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Və belə də oldu! Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi, Qarabağda erməni separatizminin kökünün kəsilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir.
YAP İdarə Heyətinin üzvü onu da qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib: “Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir”.
Dekabrın 24-də Prezident İlham Əliyevin doğum gününün olduğunu xatırladan Pərvin Kərimzadə vurğulayıb: “Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Dövlətimizin başçısı ad günlərində adətən, sosial obyektlərin açılışında iştirak edib, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşüb. Bu cür əlamətdar günlərində Prezidentimiz şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla bir yerdə olub. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyinidə Qarabağda – Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak edib və təməlini qoyub. Azərbaycan xalqı olaraq inanırıq ki, cənab İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da böyük nailiyyətlər qazanacaq!”.