PDF Oxu

Siyasət

  • 907

Ölkəsini tənəzzülə aparan UĞURSUZ - TƏHLİL

image

Fransanın bir zamanlar güclü bir ölkə olduğu tarixi reallıq olsa da, bu gün bunun reallıq olmadığını görürük. Görürük ki, artıq Fransa nə vaxtsa gördüyümüz gücə sahib ölkə sayıla bilməz və heç sayılmır da. Bu Avropa ölkəsinin nüfuzundan isə ümumiyyətlə, danışmağa dəyməz, çünki nə zamansa olan nüfuzunu tamamilə itirib. Məsələ burasındadır ki, Fransanın "bu vəziyyətə" düşməsinin səbəbkarı var və səbəbkar da məhz həmin ölkənin rəhbəri, prezidenti Emmanuel Makrondur və bunu təsdiq edən faktlar, arqumentlər kifayət qədərdir. Reallıq ondan ibarətdir ki, Makron ölkəsini artıq tənəzzülə sürükləmiş uğursuzdur və aparılan sorğuların nəticələri belə təsdiq edir ki, fransızlar da bunu etiraf etməkdədirlər.

Makronun populyarlıq üzrə "antirekordları qırması" narazılığın təsdiqidir

Təkcə ölkə müxalifəti deyil, elə məhz Fransa ictimaiyyəti də Makronun "fəaliyyətindən" qəti şəkildə narazıdır və onun qərarları belə uğursuz qərar olaraq qəbul edilməkdədir, hansıki, ən azından sorğuların nəticələri belə bunu təsdiq edir. Məsələn, görünən odur ki, prezident Makronun məhz Fransua Bayrunu baş nazir olaraq təyin etməsindən də fransızlar narazıdırlar. Ən azından dekabrın 17 və 18-də keçirilən İfop-Fiducial sorğusunun nətəcələri təsdiq edir ki, fransızların 64%-i Fransua Bayrunun baş nazir təyin olunmasından heç də razı deyillər. Onu da diqqətə çatdıraq ki, həmin sorğunun nəticələrinə əsasən, Makron populyarlıq üzrə anti-rekordları qırmaqdadır, çünki ümumilikdə Fransa əhalisinin cəmi 17%-i onu dəstəkləyib və bu da onun prezident seçilməsindən hazırki dövrə qədər ən aşağı səviyyə olaraq qeydə alınıb.

Sözsüz ki, Fransa liderinin dəstəklənməsinin belə aşağı səviyyədə olması səbəbsiz deyil. Respondentlərdən alınan sorğunun nəticələrinin də məhz həmin səbəblərə görə belə aşağı olması zərrə qədər də şübhə doğurmur. Çünki fransızlar yaxşı başa düşürlər ki, Emmanuel Makron, öncə qeyd edildiyi kimi, Fransanın nüfuzunu da, gücünü də öz reytinqi kimi həddindən artıq dərəcədə çox aşağı salıb. Bu gün Fransa dedikdə, bütün dünya ictimaiyyətinin nə düşündüyü hamıya bəllidir. Hər halda, müstəmləkəçilik yolunu tutan və kolonial siyasət yürüdən bir ölkə haqqında ən azından mənfi fikir formalaşması tamamilə məntiqidir. Dünya ictimaiyyəti, xüsusən də fransızlar özləri çox yaxşı bilirlər ki, belə bir yolu, müstəmləkəçilik yolunu tutan Makron özüdür və xüsusən də kolonial siyasət məhz Fransa liderinin rəhbərliyi altında yeridilir və ölkənin bu vəziyyətə düşməsinin, imicinin son dərəcə aşağı olmasının belə səbəbkarı da məhz onun özüdür. Fransa Prezidenti ilə bağlı sorğunun nəticələri istənilən halda, narazılığın təsdiqidir.

Dövlət büdcəsi layihəsi Parisin maliyyə problemləri ilə bağlı yeni əsasların olduğundan xəbər verir

Diqqəti çəkən ən maraqlı məqam həm də Fransanın büdcə problemləridir. Şübhəsiz ki, hökumət xərclərinin 60 milyard avro azaldılması ilə əlaqədar yeni bir büdcə layihəsi hazırlamaq səbəbsiz ola bilməz. Elə həmin ölkənin müxalifətinin də bununla bağlı narazılıqları əbəs yerə deyil. Özünü "çox yekə" bir ölkə kimi göstərməyə çalışan Fransada maliyyə problemlərinin olması büdcə ilə bağlı qərarlarda da təsdqini tapır. Məhz haqqında qeyd olunan yeni dövlət büdcəsi layihəsi Parisin maliyyə problemləri ilə bağlı yeni əsasların olduğu barədə xəbər verir. İlin sonunda büdcə kəsirinin 148 milyard avro təşkil edə biləcəyi də proqnozlaşdırılır, daha doğrusu gözlənilir və hər halda, bunu da fransızlar sorğu zamanı verdikləri "cavablarda" nəzərə alıblar. Yəqin ki, Fransanın dövlət börclarının düz 3,2 trilyon yevroya qədər artması da nəzərdən qaça bilməzdi və bunun məsuliyyətinin də kimin üzərinə düşdüyü bəllidir.

Bütün dünyaya özünü uğurlu bir siyasət aparan kimi göstərməyə çalışan Fransa liderinin əslində uğursuz siyasət aparması məhz büdcə məsələlərində də öz təsdiqini tapır. Hansısa ölkəyə "idarəçilik yolu" göstərməyə çalışan, yersiz olsa da ağız büzən Makrondan soruşmaq lazımdır ki, niyə onun öz ölkəsi ilə bağlı belə "ağıllı təkliflər" verməyə "hünəri", yaxud da imkanı çatmır? Məsələn, Cənubi Qafqaz ölkələrinə burun soxan və guya "narazı" olduğunu göstərmək üçün ağzına gələni danışan Fransa prezidenti ölkəsinin büdcə xərclərinin azaldılmasına niyə qarşı çıxaraq, büzdüyü ağzını işə salmırdı? Əksinə, rəhbərlik etdiyi ölkədə dövlət borclarının artdığını görüb susur və hətta bunu doğru addım kimi cəmiyyətə tətbiq etmək və sırımaq istəyir. Makronun əsl üzü və mahiyyəti bax budur. Budur ölkəsini tənəzzülə aparan uğursuz...

Rəsmi Paris üçün təkcə Afrika ölkələri belə böyük problem hesab olunur və bunu yaradan elə Makronun özüdür

Makron uğursuz biri olmaqla, təkcə ölkə daxilində problemlər yaratmayıb. Fransanın hüdudlarından kənarda da kifayət qədər problemlər yaratdığı çoxdan bəllidir. Rəsmi Paris üçün təkcə Afrika ölkələri belə böyük problem hesab olunur və bunu yaradan elə Makronun özüdür. İndi Fransa liderinin oradan yaxşı nə isə gözləməsi mümkün deyil və buna heç ümidi də yoxdur. Uzaq başı onun pis gözləntiləri ola bilər. Çünki bilir ki, Afrika ölkələrinin Makron üçün çoxlu sayda "sürprizlər" hazırlaması gözləniləndir. Yaxşı bilir ki, həmin "sürprizlər" istənilən anda ortaya çıxa bilər. Bundan qorxması da lazımdır və məntiqidir, çünki bu, onun üçün də, ölkəsi üçün də yaxşı heç nə vəd edə bilməz.

Bəli, afrikalılar Emmanuel Makronu çoxdan qapıdan qovublar və qapılarını da onun üzünə çırpıblar. Hələ bundan sonra da Fransa prezidentinin "görəcəkləri" var. Məsələn, afrikalılar israrlı şəkildə oradakı hərbi bazaların bağlanması tələbi ilə çıxış edirlər. Düzdür, büdcə xərclərini azaltmağa çalışan bir ölkə üçün xaricdə ordu saxlanmaması, daha az vəsait xərclənməsi deməkdir, amma Makron çox yaxşı başa düşür və anlayır ki, bu, onun ölkəsi üçün də, ələlxüsus, özü üçün də nə deməkdir.

Fransa lideri başa düşür ki, hərbi kontingentinin azaldılması birbaşa onun özünün keçmiş müstəmləkələrlə bərabər münasibətləri qoruya bilməməsi anlamına gəlir. Daha dəqiq desək, onun uğursuzluğu kimi qəbul olunur. Hətta özü belə bunu uğursuzluq kimi qəbul edir deyə, narahatdır. Bəli, Afrika ölkələri özlərinin daxili işlərinə daim müdaxilə edilməsinə məhz haqlı olaraq qarşı çıxırlar. Belə demək mümkünsə, afrikalılar elə həmin o müdaxilədən "cana gəliblər" və yolrulublar. İndi açıq şəkildə də həmin müdaxilələrdən canlarını qurtarmaq fikrindədirlər, çünki bunun faydasını görmədiklərini, zərərini gördüklərini yaxşı başa düşürlər. Amma Makron bunu nəinki qəbul etmir, heç başa düşmək də istəmir. Buna görə də bütün səylərini məhz milli azadlıq hərəkatının qarşısını almağa yönəldib. İstənilən bir hərəkatın da qarşısını almağa çalışır və müxtəlif qanunvericilik, eləcə də inzibati maneələr yaratmaqla buna nail olacağına ümid etmək istəyir. Amma onu da başa düşə bilmir ki, başlayan azadlıq hərəkatını dayandırmaq arzusunun puç olacağı indidən bəllidir və bu mənada da uğursuzluğu qaçılmazdır.

Problemləri Makron özü yaradıb və ölkəsinin tənəzzüldə olmasının da səbəbkarı məhz özüdür

Həqiqətən də Fransanın öz keçmiş müstəmləkələrinə bir zamanlar nə dərəcədə "təsirli" olduğunu yaxşı bilirik. Lakin onu da bilirik ki, indi artıq bu "təsirlər" yoxdur və Fransanın keçmiş müstəmləkələrə təsirinin nə dərəcədə azaldığı göz önündədir. Ən azından, Fransa prezidentinin bu yaxınlarda Mayottaya səfəri zamanı qarşılaşdıqları deyilənləri təsdiq edir. Həmin səfər zamanı yerli sakinlərin istefa tələbi artıq məsələnin nə yerdə olduğunu müəyyən etmək üçün kifayət edir. Sözsüz ki, yerli sakinlərin belə tələblərlə çıxışı Makron üçün bir soyuq duş effekti olub və istənilən halda, onun uğursuzluğunu təsdiq edən məqam kimi də yadda qalıb. Əgər bir ölkə prezidenti öz səfərində istefa tələbi ilə qarşılaşırsa, bundan böyük uğursuzluq ola bilməz. Onu da Fransa liderinin diqqətinə çatdırmaq istərdik ki, bu uğursuzluq heç də sonuncu ola bilməz və onu hələ çox uğursuzluqlar gözləyir.

"Problemlərin" öhdəsindən Makronun necə gələcəyi heç özünə də aydın deyil və özü də bilmir ki, bunun sonu daha nə ilə nəticələnəcək. Amma bir şeyi yaxşı bilir ki, problemləri özü yaradıb və ölkəsinin tənəzzüldə olmasının da səbəbkarı məhz özüdür. Əgər bunu bilməsəydi narahat olmazdı. Bu məqamda ona həm də bir vaxtlar güclü ölkəni iqtisadi və siyasi tənəzzülə aparan biri olduğunu xaırlatmaq tam yerinə düşür. Ümumiyyətlə, Fransanın ən uğursuz prezidenti kimi tarixə düşəcəyinə də əminik. Əminik ki, ölkəsini tənəzzülə aparan uğursuz biri kimi yadda qalacaq...

Digər xəbərlər