PDF Oxu

Siyasət

  • 488

Yeni Azərbaycan Partiyası 33 il dövlətçilik uğurunda ŞƏRH

image

Müstəqil dövlətimizin uğurlarından söz açarkən, əldə olunan nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan həmin illərdə ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, ölkədə qeyri-sabitlik tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövr üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini, məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Azərbaycan tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfranda 550 nəfər iştirak edirdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
YAP-ın təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi.
Belə ki. Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın səsini qazandı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi,
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldıi. Partiyamız qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü.
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Bundan sonra Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası Azərbaycanda siyasi sabitliyi bərqərar etdi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. "Əsrin müqaviləsi" imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyin reallığa çevrilməsi oldu.
Məhz görülən işlərin nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-nın nüfuzu davamlı olaraq artır. Ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də baş tutmuş VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradır.Qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərən YAP-ın bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir. Yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verir.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan və Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Qalib Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş və şanlı tariximizin əbədi Zəfər salnaməsini yazmışdır. Bu Zəfər bölgəmiz üçün yeni reallıqlar yaradıb. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

İlkin ABBASOV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Digər xəbərlər