Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 21 ildə inamla davam etdirərək, yeni dövrün tələblərinə uyğun inkişaf etdirib. Dövlət başçısı Ilham Əliyev yeni mərhələdə Azərbaycanı müasir dövlətə çevirib və tam müstəqil siyasət yürütməklə dünyanın inkişaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib.
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Dövlət başçısı ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında qeyd etdiyi kimi:" Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həmin tarixdən bu günə qədər verilən vədləri əməllərində göstərdi. Müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin etdi.
Böyük həcmli, həyata keçirilən ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Bütün bunlarla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır.
Əlbəttə ki, dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Son 21 ildə cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazanıb.
Güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır.
Bugünki əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə artıq yeni həyat başlmışdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Bütün bunlar dövlət başçısının siyasi iradəsinin, gücünün məntiqidir. Əlbəttə ki, xalq-iqtidar birliyi də burada önəmli faktordur. "2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq" – deyə cənab Prezident bildirmişdir.
Ötən iyirmi bir il aydın şəkildə göstərdi ki, cənab İlham Əliyev Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və uğurlu gələcəyimizin təmin olunmasına yönəlmiş layihə və islahatlar davamlı olaraq reallaşır.
Saleh MƏHƏRRƏMOV,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri