Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə bildirilib ki, dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hamımızı son dərəcə sarsıtdı və bundan sonra hadisələrin inkişafı ölkəmizdə böyük rezonas yaratdı. Kimsə ilk səslənən qaz balonunun partlaması, yaxud quş sürüsü ilə toqquşma kimi versiyalara inanmadı. Qəza barədə məlumat operativ xidmətlərə çatan kimi Azərbaycan rəhbərliyi dərhal reaksiya nümayiş etdirdi. İnsident ilə bağlı məlumat daxil olan zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin təyyarəsi Moskva səmasında idi və dərhal Bakıya qayıtmaq əmri verildi, havada olan təyyarə isə operativ qərargah kimi fəaliyyətə başladı. Bakı hava limanına endikdən sonra əsas dövlət qurumlarının iştirakı ilə təcili iclas keçirildi. Hadisənin araşdırılması üçün dövlət komissiyası, nazirliklərin və digər strukturların nümayəndələrindən ibarət qrup yaradıldı və onlar dərhal qəza yerinə yollandı. Azərbaycanın dövlət qurumları, hadisənin milli hava məkanından kənarda baş verməsinə baxmayaraq, qazaxıstanlı həmkarları ilə koordinasiya halında ictimaiyyəti mümkün qədər çox məlumatlandırmağa çalışdı. Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirdi. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi.
Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müshibədə bütün detallara aydınlıq gətirib. Dövlət başçısı deyib ki, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, ilkin olaraq irəli sürülmüş quşlarla toqquşmaq versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Cənab Prezident buna tam əmin olduğunu birmənalı şəkildə vurğuladı və bildirdi ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Lakin Azərbaycan dövləti qəti şəkildə bundan imtina etdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra Azərbaycan Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydi, bəlkə də buna etiraz olunmazdı. Amma burada məsələni ört-basdır etmək cəhdləri göz qabağında idi.
Qəza baş verəndən dərhal sonra Azərbaycan tərəfi Qazaxıstanla da ciddi əlaqə saxladı və hadisənin tam aydınlaşması üçün birgə fəaliyyətə üstünlük verdi. Cənab Prezident müsahibəsində bu məsələdən də danışıb. Qeyd olunub ki, Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən Azərbaycan bu mövqeyini bildirdi, həm də Rusiya tərəfinə mövqeyini bildirdi ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Dövlət başçımızın dediyi kimi, bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü