Yaranmış reallıqlar dövrün tələbinə uyğun olaraq qarşıya yeni hədəflər qoyub. Azərbaycan artıq dünyaya öz sözünü deyən, qalib dövlət kimi səs salıb. Özünü təsdiq etmiş, gələcək inkişaf imkanlarına malik güclü dövlət olduğunu sübut edib. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Heydər Əliyev Fondu da ölkəmizin inkişafına öz töhfələrini vermişdir. Fəaliyyətə başladığı zamandan bu günə qədər həyata keçirdiyi layihələrin, tədbirlərin hər biri Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edib. Genişmiqyaslı proqram və layihələri geniş sahələri əhatə edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın hər bir layihəsi Azərbaycanın işıqlı sabahına əvəzsiz töhfədir. Yarandığı zamandan bu günə qədər zəngin, genişmiqyaslı layihələri ilə diqqəti cəlb edib. Reallaşdırdığı layihələrin hər birində cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, Azərbaycan xalqının mədəni ənənələri və mədəniyyətininin inkişafı və təbliği, insanların sağlamlığı diqqətdə saxlanılıb.
DİNLƏRARASI DİALOQ
Xatırladaq ki, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir.
Heydər Əliyev Fondu ölkə daxili dini abidələrin bərpa və təmirinə böyük önəm verir. Müqəddəs ocaqlardan biri olan Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
BÖYÜK QAYIDIŞ – DİNİ-TARİXİ ABİDƏLƏRƏ YENİ HƏYAT
Bildiyimiz kimi, Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilər darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərinə bir daha dünyaya təqdim etdi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.
Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işlər aparılır. Bu Böyük Qayıdışa Heydər Əliyev Fondu da töhfələrini verir. Belə ki, Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı keçirilir. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Ağdam Cümə məscidinin bərpadan sonra açılışı oldu. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Mamayı məscidinin bərpadan sonra açılışını da qeyd etməliyik. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək, bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb. Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib. Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatdı. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
Bu ilin mayın 18-də Zəngilan məscidinin açılışı da yaddaqalan tarixi hadisəyə çevrildi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC - nin dəstəyi ilə həyata keçirib.
VƏTƏN MÜHARİBƏSİNİN XRONİKASI
Vətən müharibəsinin xronikasını təqdim edən www.44days.info saytı Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldı. 8 başlıqdan ibarət olan bu portal 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar və s. portalda əksini tapıb.
Bütün bunlarla yanaşı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalını da qeyd etməliyik. Portal bu günə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb. Portal 7 bölmədən ibarətdir. "Bizim Şuşa" adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.
"Şuşada erməni vandalizmi" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlarda diqqəti cəlb edir.
GƏRGİN ƏMƏK VƏ BACARIQ TƏLƏB EDƏN LAYİHƏLƏRİN MÜƏLLİFİ
Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Ölkəmizdə aparılan quruculuq işlərinə də töhfə verməklə məqsədini reallaşdırır. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, savadlı, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir. Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində isə 80 yerlik uşaq bağçası – körpələr evi inşa etdirilib. İkimərtəbəli bir korpusdan ibarət bağça zəruri mebel və avadanlıqla təchiz edilib. Xaçmaz rayonunun İstisu qəsəbəsində 1938-ci ildə inşa olunmuş tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsinin ünvanı məhz Xaçmazın həmin qəsəbəsi seçildi və məktəb istfadəyə verildi. Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var. Məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib. Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələri Fondun təşəbbüsü ilə reallaşmışdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin inşa edilən yataqxana korpusu, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçası və s. Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbi də qeyd etmək yerinə düşər. İsmayıllı şəhərində 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsi də Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutdu. Bu sırada Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçası da yer alır. Bütün bu və digər görülən işlər şagirdlərin, yetişən nəslin müasir tipli məktəblərdə təhsil almasına, rahatlıqlarını təmin olunmasına söykənir.
Qısa bir zaman məsafəsində böyük işlərə imza atmaq və müəllifinə çevrilmək gərgin əmək və bacarıq tələb edir. Müxtəlif sahələrə eyni diqqəti ayırmaq və verilən vədləri vaxtında və yüksək keyfiyyətlə başa vurmaq çətin və məsuliyyətlidir. Həyatda özünü əməli fəaliyyətlə doğrultmaq, yüksək imic sahibi olmaq, ölkəninin ictimai-siyasi, mədəni həyatında sözünü demək güclü iradə, böyük istedad və yaradıcılıq tələb etdiyi kimi, vətənə olan ülvi sevginin də olması vacib şərtdir. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu dəyərlərə söykənir.
Nəzakət ƏLƏDDİNQIZI