3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “Dost Evi” filialının təlimçisi, gənc və istedadlı rəssam Fuad Musayev və Daun sindromlu rəssam-tarzən Bəhram Rahimlinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Sərginin məqsədi əlilliyi olan şəxslərin sosial həyata daha fəal qoşulmasını, onların istedad və bacarıqlarının üzə çıxarılmasını təmin etməkdir.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Sahib Alıyev, Sosial Xidmətlər Agentliyi Bakı idarəsinin rəisi Raqif Zamanov, Sosial Xidmətlər Agentliyi Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova bildiriblər ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə tam və bərabər şəkildə inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, son illər əlilliyi olan şəxslər üçün müasir reabilitasiya mərkəzlərinin yaradılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığı ölkəmizin bu məsələyə nə dərəcədə həssas yanaşdığını göstərir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sonda daun sindromlu rəssam-tarzən Bəhram Rahimli tarda bir neçə əsər ifa edib.