PDF Oxu

Siyasət

  • 739

Azərbaycan dövləti öz vətəndaşının yanındadır!

image

Prezident İlham Əliyev: "Qara qutu"ların Braziliyaya göndərilməsi ondan xəbər verir ki, biz obyektivlik tələb edirik"

Ötən ilin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak oldu. Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verdi və Azərbaycana qayıtdı. Bakıya enən kimi elə hava limanında müşavirə keçirdi. Dərhal araşdırma komissiyası yaradıldı, xarici mütəxəssislər dəvət olundu, Qazaxıstana azərbaycanlı həkim briqadası göndərildi. Qəza ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edildi. Zərər çəkmiş şəxslərə, həlak olanların ailəsinə təzminatların ödənilməsi barədə göstəriş verildi. Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edərək, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısı hər zaman öz vətəndaşının yanındadır.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir. Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını müdafiə edir. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə bir neçə şəxs təltif edilib. Belə ki, Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər. Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.

"ƏGƏR PİLOTLAR PEŞƏKARLIQ, QƏHRƏMANLIQ GÖSTƏRMƏSƏYDİLƏR, BU QƏZADA SAĞ QALAN OLMAZDI"

"Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib". Bu fikirləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı bildirib. "Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı", - deyə Prezident bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 21 illik hakimiyyəti dövründə yüksək idarəçilik, təşkilatçılıq, liderlik keyfiyyətləri nümayiş etdirib. Dövlətimizin başçısı vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırıb.

Hadisə baş verən vaxtdan sonra qısa bir zamanda Dövlət Komissiyası yaradıldı və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edildi. Prezidentin göstərişi ilə Azərbaycan prokurorluğu cinayət işi açdı. "Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində "kavyor əməliyyatı", yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kavyor əməliyyatı" deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi", - deyə Prezident bildirib. Baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisənin Qroznı şəhərinin yaxınlığında baş verdiyini bildirən Azərbaycan Prezidenti onu da qeyd edib ki, AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü: "Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır".

İDARƏOLUNMAZ HALDA OLAN TƏYYARƏNİ SAHİLƏ QƏDƏR ÇATDIRMAQ HƏM PEŞƏKARLIQ, HƏM DƏ QƏHRƏMANLIQ TƏLƏB EDİRDİ

Ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu. "Yəqin ki, siz də bu faciəvi xəbərin dünya mediasında necə işıqlandırıldığını izləyirsiniz. Bütün digər məsələlərlə yanaşı, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər, eyni zamanda, ekipaj heyətinin bütün digər üzvlərinin yüksək keyfiyyətini. Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Heç kim özünü itirmədi, hərçənd artıq dediyim kimi, ekipaj üzvləri başa düşürdülər ki, sağ qalmaq şansı demək olar, yoxdur", - deyən Prezident bildirib ki, görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər: "Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır. Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi".

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə bildirib ki, "qara qutu"ların Braziliyaya göndərilməsi ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə "qara qutu"ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanılıb. "Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik. "Qara qutu"ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, "qara qutu"lar açılandan sonra bütün bu məlumatlar olacaq", - deyə Prezident bildirib.

Azərbaycan dövləti hər zaman olduğu kimi, ədalət tələb edir, günahkarların cəzalandırılmasını tələb edir. "Qara qutu"ların Braziliyaya göndərilməsi bir daha Azərbaycan dövlətinin mövqeyini ortaya qoymuş olur. "Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq", - deyə Prezident diqqətə çatdırıb.

Hər zaman çıxışlarında "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev əməli fəaliyyətində bunu göstərir. Əlbəttə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək iqtidarındadır. Dövlətimizin gücünü, qüdrətini hər bir Azərbaycan vətəndaşı duyur, dərk edir və bu, onlar üçün qürurvericidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər