PDF Oxu

Siyasət

  • 571

Azərbaycan - BƏƏ: strateji əməkdaşlıq və etibarlı dostluq

image

Prezident İlham Əliyev: "Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirib. Müstəqil Azərbaycan özünün qonşusu olan və olmayan dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri əlbəttə ki, dostluq və etibarlı tərəfdaşlıq münasibətlərindən qaynaqlanır.

Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

ƏRƏB DÜNYASI İLƏ TARİXİ-MƏDƏNİ BAĞLILIĞI YARADAN SƏNƏDLƏR

Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Son illərdə ölkəmiz etibarlı tərəfdaşa çevrilərək, beynəlxalq aləmdə nüfuzu yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.

Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir.

XƏZƏR REGİONUNDA VƏ MDB MƏKANINDA ƏN BÖYÜK GÜNƏŞ ELEKTRİK STANSİYASI

Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.

Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib. "Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə "Masdar"ı, onun rəhbərliyini təbrik etmək istərdim... Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır", - deyə Prezident bildirib.

Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.

İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRDƏ STRATEJİ TƏRƏFDAŞLIQ

Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq... Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan "Masdar"a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir" – deyən Prezident bildirib ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi", "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" imzalanıbdır.

İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyəyə qaldırılmasına öz töhfəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər