YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdüri Vüsalə Məmmədova, partiya veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirlib.
Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30 ili tamam olur. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, gələcək siyasi fəaliyyətinizdə sizlərə uğurlar diləyirəm. Bu gün biz YAP Ağcabədi rayon təşkilatının yaranmasının ildönümünü xoş əhvali-ruhiyyə ilə təntənəli şəkildə qeyd edirik. Lakin bu təşkilatın yaranması heç də asan olmamışdır. 1988-1993-cü illərdə Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da hərci-mərclik, xaos, hakimiyyətsizlik baş alıb gedirdi. Ağcabədi şəhərinin içərisində iki-üç qanunsuz silahlı dəstə yaranmışdı. Rayonun əhalisi qorxu və təlaş şəraitində yaşayır, sabahkı günə ümid bəsləmirdilər. Torpaqlarımız ardıcıl olaraq erməni silahlı qüvvələri tərəfindən işğal olunurdu.
Belə bir çətin məqamda, yəni 1993-cü ilin mart ayının 8-də 12 nəfərdən ibarət təşəbbüs qrupu yaradılaraq partiyanın rayon təşkilatını təsis etmək üçün fəaliyyətə başlayıblar.
Təşkilat komitəsinin üzvləri təhqirlərə, hədə-qorxulara məruz qalsalar da, böyük çətinliklərlə üzləşsələr də 1993-cü ilin sonuna kimi 12 ilk təşkilatda 167 nəfər YAP üzvünü birləşdirməyə müvəffəq olmuşlar.
1995-ci il yanvar ayının 15-də partiyanın rayon təşkilatının təsis konfransı keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri R.Əhmədov böyük qürur hissi ilə vurğulamışdır ki, qarışıq bir zamanda çətinliklərlə sinə gərərək, yaradılan YAP Ağcabədi rayon təşkilatı bu gün 88 ərazi təşkilatında 15600 nəfər partiya üzvünü özündə birləşdirir.
Yarandığı gündən YAP Ağcabədi rayon təşkilatı YAP Mərkəzi təşkilatının yaxın köməkçisi olmuş, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Mərkəzi Aparatın göstəriş və tövsiyyələrini vaxtında və layiqincə yerinə yetirmişdir.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının şəhər 3 saylı məktəb-liseyin müəllimi, partiya fəalı Vüsalə Quliyeva, Hacıbədəlli kənd tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Feyzulla Feyzullayev, Ağcabədi şəhər 2 saylı orta məktəbin müəllimi, ərazi partiya təşkilatının sədri Mehdi Məmmədov, çıxış edərək, partiya üzvlərini təbrik etmiş və fikirlərini bölüşmüşlər.
Partiya həyatında fərqlənən YAP fəalları və partiya veteranlarının bir qrupuna YAP Ağcabədi rayon təşkilatının Fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.