Azərbaycanın dünyada multikulturalizmin ən mükəmməl modelini yaratdığını dedikdə hansısa bir mübaliğə yaratmış olmuruq. Mövcud mühit artıq bu fikri söyləməyə insanı sövq edir. Ölkəmizin elə bir məkanı yoxdur ki, orada bu mühit ilə qarşılaşmayasan. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. İnkarolunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ölkəmizdəki tolerantlıq mühiti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi bir daha göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
AZƏRBAYCAN ƏHALİSİNİN TƏRKİBİ ETNİK, DİNİ, MƏZHƏB BAXIMINDAN ZƏNGİNDİR
Azərbaycanda mövcud olan bu modelin ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunması, elmi mərkəzlərdə öyrənilməsi, təhlil edilməsi multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunu bir daha təsdiqləyir. Çünki belə olmasaydı, müxtəlif xalqların ölkəmizdə bir ailə kimi yaşamasına lazımi şərait yaradılmazdı. Azərbaycandakı multikulturalizmin və tolerantlığın dünyada alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində Azərbaycanda yaşaması ölkəmizə marağı daha da artırıb. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına olaraq uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş İslam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran məqamlardandır. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Təbii ki. müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Bakıda - 28 May küçəsində yerləşən alman kilsəsi – Kirxa da onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.
"İŞĞAL ZAMANI 67 MƏSCİDDƏN 65-İ ERMƏNİSTAN TƏRƏFİNDƏN DAĞIDILMIŞDIR"
Belə bir ənənəyə sahib olan Azərbaycan təəssüf ki, erməni vandallarının təcavüzünə məruz qalıb. Mənbələrdə göstərilir ki, təkcə XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən silmişdilər. Qarabağda və Qərbi Azərbaycanda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.
Cənab Prezident onu da bildirib ki, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur: "Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər".
Ziddiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünki həqiqətlərini bəyan edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".
Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrini görürlər. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələlər müzakirə olunur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi. Dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir.
BAKIDA ERMƏNİ KİLSƏSİ QORUNUB-SAXLANILIR
Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan tərəfindən işğal dövründə saysız-hesabsız abidələrimiz dağıdılmışdır. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Amma Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.
Qubadlı rayonunun Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.
XII ƏSR ABİDƏSİ QARACA ÇOBANIN QƏBRİ YANDIRILIB
Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. 2006-cı ilin iyununda ermənilərin işğal edilmiş Xocavənd ərazisində törətdikləri yanğınlar nəticəsində yaşı 800 il olan XII əsr abidəsi Qaraca Çobanın qəbri yanmışdır. Ermənilərin törətdikləri yanğınlar e.ə. II minilliyə aid olan Nərgiztəpə mədəni abidəsini külə döndərmiş, yanğının yaratdığı yüksək temperatur nəticəsində Qaraca Çobanın qəbri parça-parça olmuşdur. Yanğınlar nəticəsində qədim türk tayfalarına mənsub olan "Əfşarlar qəbiristanlığı" da məhv edilmişdir. Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər". Bütün bunlara baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda olan tarixi dini abidələrimiz yenidən qurulur, təmir və bərpa olunur.
Nəzakət ƏLƏDDİNQIZI