PDF Oxu

Siyasət

  • 1 036

Strateji tərəfdaşlığın regional və qlobal əhəmiyyəti

image

Azərbaycan ilə Gürcüstan arasında tarixən formalaşmış dostluq əlaqələri bu gün müasir reallıqlar fonunda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə xalqlarının qardaşlıq ənənələri və dövlət başçılarının uzaqgörən siyasəti bu əməkdaşlığın inkişafına zəmin yaratmışdır. Qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan bu münasibətlər regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Enerji və nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr iki ölkənin regional əməkdaşlıqda lider rolunu möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələri yalnız iqtisadi qazanc gətirmir, həm də Avropa və Asiya arasında qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilir. Bu layihələr sayəsində Gürcüstan Azərbaycanın əsas tranzit tərəfdaşı kimi çıxış edir və hər iki ölkə üçün dayanıqlı iqtisadi inkişafa zəmin yaradır.
Gürcüstan və Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərb arasında ən qısa və effektiv bağlantını təmin edərək, regionun strateji rolunu artırır. Son illərdə hər iki ölkə nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atmışdır ki, bu da tranzit imkanlarını daha da genişləndirir. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən işlər regionun iqtisadi mənzərəsini dəyişməklə yanaşı, Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirir.
İki ölkə arasındakı münasibətlər təkcə iqtisadi və enerji layihələri ilə məhdudlaşmır. Hər iki dövlət beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və GUAM çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan bir-birinin milli maraqlarına dəstək olmaqla yanaşı, regionda sülh və sabitliyin qorunması üçün birgə səylər göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin deyil, həm də qlobal səviyyədə tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Mədəni və humanitar sahədə əlaqələr də iki ölkə arasında mühüm yer tutur. Birgə həyata keçirilən layihələr xalqlar arasında tarixi bağları daha da gücləndirir, mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə şərait yaradır. Təhsil, elm və turizm sahələrində əməkdaşlıq isə xalqlar arasında dostluğun daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etməsi hər iki ölkənin müstəqil siyasət yürütməsi və qarşılıqlı etimada əsaslanması ilə mümkün olmuşdur. Dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələr, xarici işlər nazirləri və parlament nümayəndələri arasında müntəzəm görüşlər bu münasibətlərin davamlı olmasını təmin edir. Qarşılıqlı səfərlər və ortaq layihələr ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf etməsinə zəmin yaradır.
Azərbaycan ilə Gürcüstan arasında bu strateji tərəfdaşlıq regional və qlobal miqyasda əməkdaşlıq üçün bir model rolunu oynayır. İki dövlətin birgə səyləri regionda sabitlik və rifahın təmin olunmasında əvəzedilməz bir əhəmiyyət daşıyır. Bu əlaqələr yalnız bugünkü reallıqlar üçün deyil, gələcək nəsillərin inkişafı üçün də strateji əhəmiyyət kəsb edir.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər