Hər ilin yanvarında Davoş şəhərində keçirilən Dünya İqtisadi Forumu öz işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Forumda iştirak etmək üçün Davosa gedib. Forumun əhəmiyyəti və Azərbaycan dövlət başçısının Forum çərçivəsindəki fəaliyyəti haqda məlumatları oxucularımıza təqdim edirik.
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib. Dövlətimizin başçısı həmin gün Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Daha sonra Prezident İlham Əliyev “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub.
Azərbaycan Prezidenti yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb. Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.
Daha sonra Prezident İlham Əliyev qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun “The Goldman Sachs Group Inc.” ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirib.
Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
Yanvarın 21-də Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edilib, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb.Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Prezident İlham Əliyev qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Azərbaycan Prezidenti Forumda iştirakını davam etdirir.
Qeyd edək ki, Dünya İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət illik ənənəvi toplantıdır. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında- potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
Forum Davosda illik toplantısı ilə tanınsa da, onun üzvləri il ərzində daha kiçik görüşlərə də ev sahibliyi edir və dünyanın ən aktual problemlərindən bəzilərinin real həllinə kömək etmək üçün fəal şəkildə tədqiqatlarla məşğul olurlar. Forum və onun üzvləri üçün xidmət edən 1000-dən çox ekspertdən ibarət 40-dan çox Qlobal Gələcək Şuralar yaradılmışdır. Forum həmçinin məişət zorakılığı ilə mübarizədən tutmuş davamlı kənd təsərrüfatının inkişafına qədər müxtəlif sahələr üzrə 50 layihəni dəstəkləyir.
Azərbaycan Prezidentinin Forumda iştirakı və keçirdiyi görüşlər ölkəmizin siyasi nüfuizunu artırmaqla yanaşı, həm qlobal iqtisadi proseslərdə layiqli yerini tutmasına böyük töhfələr verir.