179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib
"Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını, bu ərazilərdə iqtisadi və sosial həyatın canlanmasını dəstəkləyən humanitar minatəmizləmə fəaliyyəti sayəsində işğaldan azad olunan ərazilərə 10 mindən çox keçmiş məskunlaşıb. Bu gün Azərbaycanın üzləşdiyi mina problemi diqqətdədir. İşğaldan azad edilmiş ərazilərdə basdırılan təxminən 1.5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri hər kəsə bəllidir. Bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir. Bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.
Təbii ki, qısa bir zaman məsafəsində işğaldan azad olunan bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur.
Azərbaycanın mina problemi 1988-ci ildə Qarabağ bölgəsi ilə bağlı Ermənistan ilə münaqişənin yaranmasına gedib çıxır. Bu bölgə dəfələrlə əldən-ələ keçmiş və silahlı qüvvələr tərəfindən minalanmışdır. Buna görə də təhlükənin olduğu yerlər dəqiq bilinmir. Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur.
2 MİN 372 TANK VƏ 4 MİN 286 PİYADA ƏLEYHİNƏ MİNA AŞKAR EDİLİB
Statistik göstəricilərə nəzər salsaq görərik ki, son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayından ilin sonunadək təmizlənən 605,8 hektar ərazini də nəzərə alsaq, 2024-cü ilin sonuna kimi 179 min 791,8 hektar ərazinin mina və partlamamış sursatlardan tamamilə təmizləndiyini deyə bilərik. Ötən ildə isə işğaldan azad olunan ərazilərdə 62 min 23,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8 faiz çoxdur.
Həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 2 min 372 tank və 4 min 286 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə son 4 ildə (2021-2024-cü illər) 18 min 411 tank, 29 min 250 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə əməliyyatlarını Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir.
İşğaldan azad olunan ərazilərdə ötən il 59 min 163 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə son 4 il (2021-2024-cü illər) ərzində aşkarlanaraq zərərsizləşdirilən partlamamış hərbi sursatların sayı 119 min 104-dür.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına əsasən, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Tədbirlər Planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd edilib və bu işin 56,79 faiz hissəsi icra olunub.
MİNALARIN VƏ PARTLAMAMIŞ DÖYÜŞ SURSATLARININ AŞKARLANMASI VƏ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR
"Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Müharibənin başa çatmasından ötən müddət ərizində yüzlərlə vətəndaşımız mina qurbanı olmuşdur. Dövlət başçısının bildirdiyi kimi, mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir: "2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür."
Göründüyü kimi, Azərbaycan Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verib. Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
Statistik rəqəmlərə əsaslanaraq deyə bilərik ki, ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş enerji layihələri, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün kifayət qədər ərazi partlayıcı sursatlardan təmizlənib. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Nəzakət ƏLƏDDİNQIZI