PDF Oxu

Siyasət

  • 281

Azərbaycanda mötəbər idman yarışları: III MDB Oyunları

image

Özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Yeni yollar salınır, infrastruktur layihələr reallaşır, yeni parklar yaradılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Gəncəyə dəfələrlə səfər etməsi onun inkişafına müsbət təsirini göstərib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim, tarixi abidələr yenidən bərpa edilir. Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma, enerji ilə təminat 100 faizdir. "Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı", - deyən Cənab Prezident bildirib ki, elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır: "Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır". Avtomobil yollarının çəkilişinə gəldikdə isə artıq Bakı-Gəncə avtomobil yolu, eləcə də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb.

Belə bir inkişaf yolu keçən Gəncə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Üçüncü MDB Oyunları bu il Gəncədə təşkil olunacaqdır. "Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq" – deyə Prezident çıxışlarının birində bildirmişdir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır. Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. Stadion 1959-cu ildə tikilərək istifadəyə verilib. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015-2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçısının bildirdiyi kimi, "Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi". Gəncə şəhərində Üçüncü MDB Oyunlarında 7000 iştirakçı, onların komandaları, heyətlərini qəbul etmək şərait yaradılmalıdır. "Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər", - deyə Prezident bildirib. "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə dövlət başçısı Sərəncam imzalayıb.

BEYNƏLXALQ İDMAN YARIŞLARINDA AZƏRBAYCANIN MÖVQEYİ

Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual məsələlərdən biridir. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır. Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini daha da möhkəmləndirir. Azərbaycanda idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutub. Beynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə ölkəmiz böyük imicə sahibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Azərbaycanın "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015" birinci Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, 2018-ci ildə şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir. Azərbaycanın idman sahəsində daha bir mötəbər uğuru 2019-cu il iyulunda Bakıda keçirilmiş XV Avropa Gənclər Olimpiya Festivalında əldə edilib. Bu festivalı ən yüksək səviyyədə təşkil etməklə yanaşı, idmançılarımız da parlaq qələbələr qazanıblar. Festivalda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan komandamız dördüncü pillədə qərarlaşıb.

İDMANIN KÜTLƏVİLİYİNİN TƏMİNİ

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Paralimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Əsas hədəf bütün Azərbaycanın Paralimpiya hərəkatı ilə əhatə etməkdir. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılır. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Xankəndidə "Qarabağ" stadionu, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin və s.təməlinin qoyulmasını göstərmək olar. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir.

Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər