Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı prioritet olub. Ümummilli Liderin 2 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
2 Fevral- Gənclər Günü Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır. Bu tarix həm ölkədə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunması səbəbini təhlil etmək zərurətini ortaya çıxarır. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu fikir daim önə çəkilir ki, əgər dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də Gənclərin I forumu keçirilib.
Son 21 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizin inkişafına yönələn addımların davamlılığında öz əksini tapır. “Gənclər ili”nin, həmçinin “Könüllülər ili”nin təsis edilməsi də bu diqqət və qayğının nəticəsidir. Cənab İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Bu çağırış əsas hədəflərimizdəndir: “Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır”.
Azərbaycanın dayanıqlı inkişafında yeni texnologiyaların rolu inkaredilməzdir. Bu da öz növbəsində kadr hazırlığını günün əsas tələbinə çevirir. Ümumilikdə hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, inkişafin, tərəqqinin davamlılığını şərtləndirən əsas amil elm, təhsil, yeni texnologiyalardır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları bu səviyyəyə yüksəldən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.
Bu gün Azərbaycanda hansı sahəyə baxsaq gənclərimizin fədakarlığını, vətənpərvərlik hissindən irəli gələn addımlarının uğurlu nəticələrini görürük. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olundu. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Bəzi statistik rəqəmlərə diqqət yetirək. Belə ki, dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır. Göründüyü kimi, gələcəyimiz olan gənclərin təhsili, yüksək ixtisaslı kadr kimi yetişmələri dövlətin siyasətində prioritetdir.
Gənclər xarici ölkələrdə təhsil almaqla, eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilirlər. Bu gün gənclərimiz daha qürurlu və məsuliyyətlidirlər. Qalib, bütövləşən Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri