PDF Oxu

Siyasət

  • 931

Azərbaycanın gənclər siyasəti modeli beynəlxalq arenada uğurlu hesab olunur

image

Gənclər Günü gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan olunub.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli Liderin imzaladığı bir çox fərman və sərəncamlar respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclər ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş və onlar ölkəmizin gələcəyi naminə inamlı addmlar atmaqdadır.
Ulu Öndər Heydər Əliyevin əsasını təməlini gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin uğurlu nəticələri, onun effektivliyini və davamlı təsirini bir daha sübut edir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Bu sahədə görülən işlər yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Dövlətin gənclərə dəstəyi nəticəsində Azərbaycan gəncliyində özünə inam hissi artıb. Xüsusilə, milli vətənpərvərlik ruhunda yetişdirilən gənclər rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşaraq öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların qəhrəmanlığı sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşublar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Beləliklə, gənclər siyasəti gənclərin həm fərdi, həm də kollektiv inkişafını dəstəkləyərək, onların gələcəkdəki sosial və iqtisadi rolunu gücləndirir. Gənclərin dövlət siyasətindəki əhəmiyyəti, ölkənin uzunmüddətli inkişaf strategiyalarına əlavə töhfə verir. Nəticədə, gənclər siyasətinin davamlı və effektiv tətbiqi, cəmiyyətin ümumi rifahına və ölkənin dünya səviyyəsindəki mövqeyinə müsbət təsir göstərir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər