PDF Oxu

Siyasət

  • 507

Azərbaycanda müasir nəqliyyat layihələri uğurla icra edilir - ŞƏRH

image

Ölkəmizdə son 20 il ərzində yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması həmin ərazilərdə yeni infrastrukturun yaradılmasına, o bölgənin canlanmasına şərait yaradıb.

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik.

Müşavirədə son illər ərzində ölkədə bir sıra nəqliyyat layihələrinin uğurla icra edildiyini – kənd, şəhərlərarası və magistral yolların salındığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, illər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi: “Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi, təqribən, 85–90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur dəhlizi layihəsinə diqqət çəkən ölkə Prezidentimiz cənab İlham Əliyevin çıxışında qeyd etdi ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur.

Ölkə Prezidentimiz cənab İlham Əliyev müşavirədə vurğuladı ki, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, ölkəmizin tələbidir və bu tələb Çindən Avropaya daşınan yüklərin daha böyük hissəsinin Orta Dəhlizə cəlbi də reallaşdıracaq. Nəticədə ölkəmizdən keçən yük həcmləri artacaq və bundan Azərbaycan və region ölkələri qazanacaq.

Göründüyü kimi, nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılır. Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağına heç kim şübhə etmir. Zəngəzur dəhlizinin açılması həm qlobal, həm də regional logistika baxımından zamanı və xərci azaldacaq, Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq, Qara Dənizlə yanaşı, artıq Aralıq dənizinə də çıxış imkanı əldə ediləcək.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər