Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyimiz işıqlı gələcəyimizdir” adlı rəsm sərgisi keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgidə rəssamlarının əsərləri təqdim edilib. Ekspozisiyada müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub. Sərgiyə baxış keçirildikdən sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır. Vətənpərvər gənclər yetişdirmək möhkəm özüllər üzərində qurulmuş dövlətçiliyin əsas şərtlərindəndir. Ulu Öndər tərəfindən təməli qoyulmuş bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu gəncləri böyük ruh yüksəkliyi ilə qeyd edirlər.Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır. İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür. Qeyd olunub ki, vətənpərvər Azərbaycan gəncləri Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşaraq öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Çıxışının sonunda Bəxtiyar Nəbiyev bütün rəssamları2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Bu cür sərgilərin gənclərin inkişafı və dünya görüşünün artırılmasında mühüm rol oynadığı qeyd olunub. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu müasir Azərbaycan gəncliyinin sənətə bağlılığından xəbər verir. Sərginin təşkilinin gənclərə dəstək məqsədi daşıdığını söyləyən Elnurə İsgəndərova əsərləri sərgidə nümayiş olunan gənc rəssamları təbrik edib, uğurlar arzulayıb.
Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.