PDF Oxu

Siyasət

  • 397

Gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub

image

Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan gəncliyinin inkişafında Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlər göstərib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti konseptual xarakter daşıyır. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.
Milllət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. Gənc nəsl Prezident İlham Əliyev tərəfindən böyük qayğı ilə əhatə olunub. Dövlət başçısının müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Digər tərəfdən, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

İnsan kapitalına verilən önəmə gəlincə, Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.
“Ən önəmli məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Gənclərimi məhz bu ruhda yetişdirilib. 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Bu da Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə qayğısının nəticəsi idi. Beləliklə, tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Şübhəsiz ki, Azərbaycan gəncliyi bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da inkişafına və güclənməsinə öz töhfələrini verəcəklər. Bunun üçün bütün imkanlar mövcuddur”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər