Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib. Cənab Prezident bu sahədə çox böyük layihələrin icra edildiyindən danışıb, qarşıda duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Ölkə başçısı söyləyib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük. Təbii ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik.
Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik. Cənab Prezident bir daha qəti şəkildə deyib ki, “Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək”. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır-deyən cənab Prezident onu da əlavə edib ki, Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Cənab Prezident deyib: ”Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu gözündə qalacaq. İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz”. Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini də ictimaiyyətin diqqətinə çatdırıb. Bildirib ki, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun inkişafına gəldikdə isə ölkə başçısı deyib ki, “1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər”. Cənab Prezident Sumqayıt-Yalama, Bakı-Qəbələ, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yollarından da danışıb. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur. Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib-deyən Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, “Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir”. Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə limanı şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Yəni, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və bu ildən işə başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim olunsun. Limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır. Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə əlbəttə ki, bu işdə də insanların narahatlığını nəzərə alırıq. Bakıda gəmiqayırma zavodunun inşa edilməsi olduqca uğurlu layihə idi. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri