PDF Oxu

Siyasət

  • 394

Gənclərə inam və qayğı

image

Dövlət başçısının Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları veriləcək

Hər il 2 Fevral Gənclər Gününü gəncliyimiz başqa bir ab-havada qeyd edir. Böyük ruh, həvəs, gələcəyə inamı olan gənclik kimi. Zəfər sevincinin ən yüksək bir həddini yaşayan qürurlu övlad kimi. Bundan fəxarətli nə ola bilər? Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri bir yumruq altında birləşərək dövlətimiz, xalqımız, gələcək inkişaf üçün həmrəydirlər. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən bir gənclikdir. Məlumdur ki, ölkəmizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib.

Müstəqilliyimizin yenidən bərpasının ilk illəri digər sahələr kimi, gənclərə diqqətdə də problemlərin mövcudluğu ilə xarakterizə olunsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin həyatında yeni mərhələ başladı. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Gənclərinin I Forumunun keçirildiyi tarix - 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev çıxışında demişdir ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

GƏNCLƏR BU GÜNÜMÜZ, HƏM DƏ SABAHIMIZDIR

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Bu siyasətin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırdı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi. "Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər" – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.

Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri, dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla gəncləri Azərbaycanın uğurlu gələcəyi naminə səfərbər edir. Ulu Öndər gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.

"BİZ MÜSTƏQİL AZƏRBAYCANIN TALEYİNİ GƏLƏCƏKDƏ SİZƏ ETİBAR EDƏCƏYİK, SİZƏ TAPŞIRACAĞIQ"

Bu gün dövlət gənclər siyasəti ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünki Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclərə ildə bir dəfə verilir.

Dövlət başçısı "2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalyıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gəncə 2025-ci il Gənclər üçün Prezident mükafatları veriləcəkdir.

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə olduğu kimi gənclərdən də yan ötməyib. Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb. Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Müstəqil dövlətimizin gəncləri ölkəmizin bütün sahələrində dəsti-xətti olan gənclikdir. Onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına səbəb olub. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq", - deyə Azərbaycan Prezidenti bildirmişdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər