PDF Oxu

Siyasət

  • 469

Bayraq milli həmrəyliyimiz, varlığımızdır!

image

Müstəqillik rəmzlərimizdən olan üçrəngli bayrağımız qürurumuz, varlığımızdır və Vətən torpağı üzərində məğrur-məğrur, azad dalğalandıqca var olacağıq. Bu gün Vətən torpağının hər bir yeri milyonlarla insanı bir amalla, bir məsləklə birləşdirən Azərbaycan bayrağına bürünüb. Bütövlüyümüzün simvolu olan millətimizin imzasını dünyada təsdiqləyən bu bayraq tarixində əzəmətli, möhtəşəm olan günlərini yaşayır. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının Vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu.

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Müasir dünyada müstəqil Azərbaycan dövlətinin rəmzləri onun dövlətçilik əlaməti olmaqla yanaşı, ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üç rəngli bayrağı ikinci dəfə qaldırıldı. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gərək hər bir evdə Azərbaycan Bayrağı olsun, hər bir ailə Azərbaycan Bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Düz 71 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Sonralar Ümummilli Lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

"BİZİM BAYRAĞIMIZ CANIMIZDIR, ÜRƏYİMİZDİR"

Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır. Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq olan üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu və rəmzi kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir".

Müasir dövrümüzdə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə və yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsdə qürur doğurur. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar və azadlığın dərin hisslərini yaşadır.

MİLLİ SUVERENLİYİN SİMVOLU

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir. Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün Qarabağda, Şərqi Zəngəzurda, Şuşada dalğalanması hər bir vətəndaşımıza qürur hissi yaşadır. Artıq hər kəs əmindir ki, bayrağımız işğaldan azad olunmuş əzəli, tarixi torpaqlarda da əbədi olaraq dalğalanacaq.

"XANKƏNDİ ŞƏHƏRİNİN MƏRKƏZİ MEYDANINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILDI"

15 oktyabr 2023-cü il Xankəndi, Xocavənd, Ağdərə və Xocalının Azərbaycanın şəhərləri kimi bayrağımıza büründüyü gün kimi təqvimə yazıldı.

"Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək". Bu sözləri Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bildirib: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq...". Dövlət başçısı vurğulayıb ki, biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Prezident müraciətini bu sözlərlə yekunlaşdırıb:"Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar və azadlığın dərin hisslərini yaşadır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər