PDF Oxu

Siyasət

  • 1 015

Azərbaycanın müstəqil və prinsipial siyasətinə təsir etmək mümkün deyil

image

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub

Bu fakt inkaredilməzdir ki, bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğatlar aparırlar. Əsas məqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələri arasında, necə deyərlər, ən öndə gedənlərdən biridir. İndiyədək ABŞ hökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadə etməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır. USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımlarının yarısından çoxu bu agentlik tərəfindən ödənilir. Bu təşkilatın ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyimiz yalnız dövlət atributları ilə deyil, həyata keçirilən real siyasətlə ölçülür. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Buna əmin olmaq üçün təkcə son dörd ildə USAID-in ölkəmizlə bağlı planlarına diqqət yetirmək kifayətdir.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünya gücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. Həmin güclər sözdə bu Zəfərə, həmçinin onun reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına dəstək olduqlarını bildirsələr də əməllərində tamamilə fərqli bir mənzərənin şahidinə çevrildik. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri bəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Bayden hakimiyyəti bu kimi təşkilatlarının vasitəsilə Qarabağı könüllü tərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi. Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında çirkin məqsədlər dayanır.
Bu günlərdə ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var. İlon Mask USAID-i cinayətkar təkilat adlandırır. Təşkilatın cinayətkar əməllərinin ABŞ-da belə etiraf olunması özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili bu təşkilatın fəaliyyətinə işıq salan bəzi məqamlara nəzər yetirib. Bildirib ki, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAID-ə keçib və indiyədək bu praktika davam edir. USAID hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsləyə xüsusi diqqət yönlədərək bildirdi ki, ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir. “Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu” sualına cavabında isə “Bəli” deyən Prezidint İlham Əliyev bu vacib məqamı da vurğuladı ki, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır: “Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil.”
Vüqar Rəhimzadə həmin müsahibədə dövlətimizin başçısı İlham Əliyevin bu çağırışını da xatırladıb: “Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimi faktlar Qərbin və onun tabeliyində olan təşkilatların, institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffaf olmadığını, məqsədli planlara xidmət etdiyini açıqlayır. USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirməkdir. Burada hansı məqsədin güdüldüyü bəllidir. Qərb öz çirkin niyyətlərini təsir dairəsində saxaladığı təşkilatları bu və ya digər dövlətlərin daxili işlərinə sirayət etdirməklə çızdığı planları həyata keçirməyə çalışır. Bu cəhdləri Azərbaycan kimi müstəqil, maliyyələşmədə, fəaliyyətdə şəffaflığa xüsusi önəm verən bir ölkədə reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsiz, sabit ölkə kimi nüfuz qazanır. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ölkəmizdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. Şübhəsiz, maliyyədə şəffaflıq əsas prinsiplərdəndir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, yeni “Siyasi partiyalar haqqında” Qanuna əsasən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Azərbaycanın daxili işinə müdaxilədən irəli gələn hər bir addımın qarşısı qətiyyətlə alınır. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi faktdır. Bu təzyiqlər heç zaman Azərbaycanın müstəqil xarici siyasətinə təsir etmək imkanında deyil.
Millət vəkili onu da qeyd edib ki, Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı dünəndən bağlanıb. Eyni zamanda, Soros xətti ilə maliyyə də dayandırılıb. USAID-də audit keçiriləcək. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Belə bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur. Sular durulduqca USAID-in tarixə qovuşması qaçılmaz olur.

Digər xəbərlər