PDF Oxu

Siyasət

  • 1 075

Verilən qərar müsbət addımdır

image

Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur, lakin əfsuslar olsun ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır.

USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Lakin bu iddiaların əksinə olaraq, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb.
“İnqilablar mühəndisi” adlandırılan və vaxtilə Azərbaycandan qovulan milyarder Corc Soros ABŞ-da anti-Turkiyə və anti-Azərbaycan xarakterli çıxış və bəyanatları ilə tanınan Co Bayden komandasını bəlkə də ABŞ tarixində ilk dəfə - müəmmalı seçkilər vasitəsi ilə hakimiyyətə gətirdikdən və ermənipərəst Samanta Paueri USAID-in rəhbəri təyin etdikdən sonra, milyarderin himayəsində olan bu qurumun ölkəmizə qarşı fəaliyyətini genişləndirəcəyi labüd idi və zamanında verilən proqnozlar da artıq özünü kifayət qədər doğrultdu. Təkcə bir faktı qeyd edə bilərik: USAID Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədi və hələ də bir ölünü - “Dağlıq Qarabağ”ı tanıyaraq separatçı qurumla çalışdı, maddi yardımlar etdi, necə deyərlər, quldur rejimin ayaqda qalıb yenidən terrorçu meyillərini icra etməsi üçün pullar xərclədi.
34 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən ABŞ Beynəlxalq İnkişaf Agentliyi heç vaxt torpaqlarımızın işğalına dair bəyanat yaymayıb, qaçqınların problemlərinin həllinə ciddi dəstək verməyib. Əksinə, 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edərkən USAID dövlətimizə qarşı kampaniya aparıb və ermənilərin müdafiəsinə qalxıb. Həmçinin COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini bəhanə edərək, ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışıb.
Bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib. Məlumdur ki, Samanta Pauer nəinki ABŞ-da, ümumiyyətlə bütün dünyada qatı antitürk kimi tanınır. O, qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınmasının əsas lobbiçilərindən biri, hətta birincisi idi. Əbəs deyil ki, Samanta Pauer Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük müharibə zamanı dəfələrlə Azərbaycan xalqını, ümumilikdə isə Türk dünyasını təhqirlərə məruz qoyurdu. Və biz Azərbaycan torpaqlarının 30 illik işğala məruz qaldığı dövrlərdəki fəaliyyətlərini də buraya əlavə etsək bu zaman adıçəkilən fərdin ermənidən artıq erməni olduğunu əminliklə vurğulaya bilərik. Əslində, USAID-in bu cür qərəzli mövqeyi gözlənilən idi. Birinci dəfə deyil ki, ölkəmiz bu təşkilatla belə xoşagəlməz münasibətlə üzləşir. Bu, Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. Azərbaycana qarşı qərəzli mövqe dövlətimizin müstəqil siyasət həyata keçirməsini, regionda yeni reallıqlar yaratmasını adıçəkilən təşkilatın həzm edə bilməməsindən qaynaqlanan boş hay-küydən başqa bir şey deyil. Bu baxımdan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Çünki Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu. Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti ilə ayaqda möhkəm dayanıb.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər