PDF Oxu

Siyasət

  • 465

Azərbaycan-Somali: dostluq münasibətlərində yeni səhifə TƏHLİL

image

Prezident İlham Əliyev: "Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir"

Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığa zəmin olacaqdır. Azərbaycanla Afrika ölkələri arasında münasibətlər yeni mərhələdədir. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirdiyi kimi, "Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq".

"İMZALANMIŞ SƏNƏDLƏR İKİTƏRƏFLİ ƏLAQƏLƏRİMİZİ ÇOX SAHƏLƏRDƏ İNKİŞAF ETDİRMƏKDƏ QARŞILIQLI İRADƏMİZİ AYDIN ŞƏKİLDƏ NÜMAYİŞ ETDİRİR"

Hər iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlər mübadiləsi mərasimi olub. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" imzalanıb. "Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq, - deyə Prezident bildirib.

Somali Prezidentinin Azərbaycana səfəri, təkcə diplomatik əməkdaşlıq deyil, ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcıdır. "Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq". Bunu Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan Prezident bildirib ki, lakin şərait inkişaf etməyə imkan verməyib. "Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir", - deyə o əlavə edib.

"HƏR BİR ÖLKƏ ÜÇÜN SİYASİ SABİTLİK İNKİŞAFI TƏMİN EDƏN İLKİN ŞƏRTDİR"

Əlbəttə ki, Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Xatırladaq ki, Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub.

Səfər çərçivəsində regionlarda geosiyasi vəziyyət, ölkələrin üzləşdiyi çağırışlar geniş müzakirə edilib. Dövlətlər ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqe diqqətə çəkilib. "Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm: "Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək".

İQTİSADİ VƏ DİPLOMATİK MÜNASİBƏTLƏRİN TƏMƏLİ

Qeyd edək ki, Somali zəngin resursları və böyük potensialı olan ölkədir. İmzalanan sənədlər ölkələr və xalqlar üçün yeni imkanlar açır. Sözügedən sənədlərdən başqa, yaranmış əməkdaşlıq ölkələr arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirən ölkələrdəndir.

Gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması məqsədi ilə dövlət başçımızın qeyd etdiyi kimi, Prezidentin rəsmi səfəri nəticəsində konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün bir qrup heyət Somaliyə ezam ediləcəkdir: "Bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik". Somali, iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.

"AZƏRBAYCANDA ASAN XİDMƏTLƏRİN BƏYƏNİLMƏ REYTİNQİ 100 FAİZƏ YAXINDIR"

Azərbaycan Prezidenti çıxışında həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini də vurğulayıb. "Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb", - deyən Prezident bildirib ki, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir: "Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik". Vurğulayaq ki, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub. Hazırda Azərbaycanın intellektual brendi 20-dən çox ölkəyə ixrac edilir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət" onda yüksək təəssürat yaradıb və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Onu da bildirək ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər