Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində yeni beynəlxalq münasibətlər sistemində regionun güc mərkəzinə çevrilən Azərbaycanın strateji yeri və fəal rolu, qlobal inteqrasiya proseslərində əldə etdiyi misilsiz nailiyyətlər, o cümlədən Çinlə artan iqtisadi-siyasi təmasların bölgəyə gətirdiyi yeni potensiallar və digər mühüm məqamlara toxunub. Cənab Prezidentin cavablandırdığı sualların hər biri müasir dünya reallıqlarına obyektiv baxışı əks etdirməklə yanaşı, cəsarətli liderin siyasi keyfiyyətlərini əks etdirmiş olur.
Azərbaycanın Prezidenti ilk növbədə, ölkəmizin yerləşdiyi coğrafi bölgənin dəyişən siyasi landşaftına diqqət çəkərək yürüdülən qətiyyətli siyasətin qazandırdığı müsbət nəticələrdən danışdı. Vurğulandığı kimi, aparılan əzmkar və iradəli siyasətin, milli ideyanın ən mühüm nailiyyəti olaraq Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini bərpa etməklə regionda və ətraf coğrafiyalarda yeni reallıqları meydana çıxarıb.
Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına və birbaşa öz əzmkarlığı ilə icra edən yeganə dövlətdir. Azərbaycan bu nümunəvi presedentlə münaqişələrin həllində, haqq və hüququn bərpasında biganəlik və ayrı-seçkilik edən bəzi beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyi tarixi ədaləti təkbaşına icra etməyin yolunu cızdı. “Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Prezident İlham Əliyev güclü Azərbaycan quruculuğunun konseptual mahiyyətindən bəhs edərkən bildirir ki, “Biz güclü iqtisadiyyat, özünü təmin edən iqtisadiyyat qurduq. Regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”. Məhz bu siyasi uzaqgörənlik dünyanın müxtəlif qitə və regionlarının Azərbaycana inteqrasiyasını gücləndirir, Bakıya olan ümid və inam baxışları dayanmadan artır.
Dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatı çətiri altında respublikamızın möhkəmləndirdiyi multikultural, tolerant mühit, çoxşaxəli rifah platforması bütün dünyaya nümunəvi dialoq və sülh layihələri kimi təqdim olunmaqdadır. Bu, bir daha Azərbaycanın və onun Liderinin dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətinin uğur salnaməsidir.
Prezident İlham Əliyevin “CGTN” telekanalına müsahibəsində diqqətçəkən məzmunlu fikirlərindən biri qlobal ticarət alyansında Azərbaycanın rolu və dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin yeni ştrixləri ilə bağlıdır.
Azərbaycan Prezidenti hesab edir ki, ölkəmiz uzun illərdir Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə aktiv danışıqlar aparsa da, bu qurumun bəzi güclər tərəfindən proteksionizm, ikili standartlar, ədalətsiz tariflər siyasəti onun hörmətini və nüfuzunu aşağı salır. Bəzi dominant ölkələr öz bazarlarını qorumaq üçün haqsız tariflər tətbiq edir, ÜTT-nin prinsiplərinə zidd qərarlar qəbul edir ki, bu da inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün narahatlıq doğurur. Bu, həm də Azərbaycanın yerli biznes icmasının maraqlarına ziyan vura bilər. Ona görə də ölkəmiz bu prosesi balanslaşdıraraq gələcək danışıqlar prosesində maksimum müsbət şərtlər əldə etməyə hesablanıb.
Azərbaycan-Çin əlaqələrinə gəldikdə isə bu münasibətlərinin möhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin müdrik siyasəti və strateji yanaşması ilə bu əlaqələr daha da inkişaf edərək genişlənib. Azərbaycan və Çin liderlərinin dost münasibətləri və siyasi iradələri sayəsində 2024-cü il iyulun 3-də iki ölkə arasında əməkdaşlığın gələcəyini müəyyən edən əsas sənəd ‒ “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib.
BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikasının rəsmi strateji tərəfdaşına çevrilən ölkəmizin ikitərəfli siyasi dialoqa verdiyi töhfələr, eyni zamanda, bütün region dövlətlərinə də faydalar gətirir. Azərbaycanın Çinlə bütün sahələrdə təmaslarının güclənməsi qlobal və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur və bu əlaqələr Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazda sabitliyə və sülhə yeni ruh gətirir.
Azərbaycan Prezidenti dünyada baş verən münaqişələr, qeyri-sabit vəziyyət barədə danışarkən bu zərərli tendensiyaların səbəbini imperialist keçmişi olan ölkələrin neoimperialist, dominantlıq niyyətlərində görür. “Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.
Prezident İlham Əliyev bu prosesdə liderlərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırır. “Lider ədalətli olmalıdır” deyən İlham Əliyev siyasi rəhbərin şəffaf və dürüst olmasını vacib hesab edir. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib və bəzən siyasi böhrana gətirib çıxarır.
Azərbaycan isə qeyri-müəyyənliklərdən tamamilə uzaq, sabit və rifah ölkəsidir. 20 ildən artıq müddətdə Azərbaycan xalqına verdiyi vədlərin hər birini ‒ ən ali vəd olan işğal altındakı torpaqlarımızın azad edilməsini təmin edən Prezident İlham Əliyev bu qətiyyəti və əzmkarlığı ilə dünya siyasətinə öz sözünü, imzasını qoymuş Lider, Müzəffər Ali Baş Komandandır.
Ramid Namazov
Milli Məclisin deputatı