PDF Oxu

Siyasət

  • 1 471

Azərbaycanın yaratdığı yeni reallıqların təqdimatı

image

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi bu gün ölkə mətbuatında geniş şərh olunur. Dövlətimizin başçısının hər bir müsahibəsi mühüm çağırışlarla zəngindir. Sözügedən müsahibədə də Azərbaycanın uğurlarından geniş bəhs olunaraq onların fonunda dövrün çağırışlarına uyğun olaraq fikirlər səsləndirildi.

Azərbaycanın hər bir sahədə əməli nəticələrə, əməkdaşlıq proqramlarına malik olduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, digər ölkələr kimi Azərbaycanın da xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir: “Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.
Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurları göz qabağındadır. Azərbaycanın özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olması da qətiyyətli mövqeyinin göstəricisidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.
Azərbaycanın xaici siyasət uğurları bir-birini əvəzləyir. İkitərəfli əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı hər zaman ölkəmizin diqqət göstərdiyi məsələlərdəndir. Dövlət başçısı İlham Əliyev müsahibəsində ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanmasını xüsusi vurğulayaraq bildirdi ki, bu, hər iki tərəfin marağındadır. Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq.
Son dörd ildə uğurlarımızın miqyasının genişliyi Azərbaycanın yaratdığı yeni reallıqların təqdimatıdır. Belə ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Dövlət başçısı İlham Əliyev müsahibəsində bir daha diqqəti bu reallıqlara yönəltdi ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Addım-addın hədəflərə doğru irəliləyən Azərbaycan hazırda azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri ilə dünyaya təkmil dirçəliş modelini təqdim edir. Hansı sahəyə baxsaq ölkəmizin zəngin təcrübəyə malik olduğunu görərik. Ölkəmizin hər zaman inkişafda, tərəqqidə olduğunu əsaslı şəkildə qeyd edən cənab İlham Əliyev müsahibəsində jurnalistin Azərbaycanın çoxqütblü dünyada hazırda yerinin harada olması ilə bağlı sualı cavablandırarkən bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər