Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib
Azərbaycan Olimpiya Hərəkatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.
Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.
NÖVBƏTİ 4 İL MÜDDƏTİNƏ YENİ HƏDƏFLƏR
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 33 il bundan əvvəl - 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev prezident seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
MOK-un IX Hesabat-seçki baş məclisində dövlət başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib. OK-un növbəti 4 il müddətinə planları müəyyənləşdirilib. Əsas hədəf Olimpiya Oyunları, Azərbaycanda Olimpiya hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifə 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasına hazırlıqdan ibarətdir. Azərbaycan idmanında yeni uğurların əldə edilməsinə nail olacaqlar. Milli Olimpiya Komitəsi fəaliyyətini yaxşı şəkildə davam etdirəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında idmanda yeni uğurlar qazanılacaq.
Qeyd edək k, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. Belə ki, Ulu Öndər tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini vermiş oldu. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma diqqətdən yayınmayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.
2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq, İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.
"İDMAN DOSTLUĞU MÖHKƏMLƏNDİRƏN, XALQLARARASI MÜNASİBƏTLƏRİ GÜCLƏNDİRƏN ÖNƏMLİ BİR AMİLDİR"
Artıq MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilib. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi də buna imkan yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyildi. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir".
"AZƏRBAYCAN XALQI SAĞLAM OLMALIDIR"
Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmizdə Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Bu gün Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya İdman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastrukturu mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".
Nəzakət ƏLƏDDİNQIZI