"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri də Pakistan olub. Bundan qısa müddət sonra qurulan diplomatik əlaqələr Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə qədər yüksəlib. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elmir Səftərov deyib.
Onun sözlərinə görə, ölkələrimiz ən çətin dövrlərində hər zaman bir-birinə sarsılmaz dəstək göstərib, qardaşlıq əlini uzadıb, humanitar məsələlərdə də həmrəylik nümayiş etdirib: "Hazırda siyasi, iqtisadi, texnoloji, təhlükəsizlik, mədəni sahələrdən tutmuş hərbi sektora qədər bütün sahələri əhatə edən 34 illik ikitərəfli münasibətlər və əməkdaşlıq günümüzdə də artan templə irəlləyir. Münasibətlərimiz sosial-iqtisadi əlaqə, daha yaxşı siyasi anlaşma və geostrateji və artan hərbi əməkdaşlıq əsasında möhkəmlənir. Hər iki ölkə ikitərəfli əlaqələrini daha da möhkəmləndirilməsi üçün müxtəlif platformalarda geniş imkanlara malikdir.Ölkə liderləri müntəzəm olaraq demək olar hər il qarşılıqlı səfərlər edərək ikitərəfli əməkdaşlığın inkişafını artırmaq və gücləndirmək üçün ən yüksək səviyyədə müzakirələr aparırlar. Sosial-iqtisadi əlaqələrimizin, hərbi əməkdaşlığın möhkəmlənməsi, ticarət və işgüzar əlaqələrin inkişafı hər iki ölkə üçün faydalı perspektivlər vəd edir.
Azərbaycan üçün Pakistan həm də beynəlxalq müstəvidə mühüm diplomatik dəstəkçi və son illərdə əsas hərbi tərəfdaşlardan biridir. Ən vacibi isə hər iki dövlət beynəlxalq arenalarda bir-birini dəstəkləyib.
Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə səmimi və əməli dəstəyini nümayiş etdirərək bu münasibətlərin qardaşlığa çevrilməsinə böyük töhfələr verib. Belə ki, Ermənistanın işğalçı siyasətini pisləyərək keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Bundan başqa, Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımını kəskin şəkildə pisləyən və beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran qətnamə qəbul edən ilk ölkə olub. Pakistan Senatı da Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Pakistan vaxtilə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir".
Müəllif: Ziya Hikmətoğlu