"26 Fevral gecəsi Xocalının səması qanla qaraldı, uşaqların nəfəsi dondu, anaların fəryadı səssiz qaldı. Bu, yalnız bir faciə deyil, tarixin qəlbində əbədi qalacaq bir yara idi."
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.” Bu faciə, erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
26 Fevral 1992-ci il tarixi Azərbaycan xalqının yaddaşında əbədi iz qoyan faciə günüdür. Xocalı soyqırımı, yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qəddar bir cinayətdir. Bu hadisə, erməni millətçilərinin iki əsrdən artıq davam edən soyqırımı siyasətinin ən qanlı təzahürüdür. Xocalı faciəsi zamanı 613 nəfər mülki şəxs qəddarcasına öldürülmüş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilmişdir. Beynəlxalq jurnalistlərin məlumatlarına görə, qurbanlar arasında dırnaqları çıxardılmış və bədənləri yandırılmış insanlar olmuşdur. Bu vəhşiliklər, bütün dünyanın diqqətini cəlb etmişdir.
Xocalı faciəsi dünya mətbuatında geniş əks olunmuşdur. Londonun “Faynenşl Tayms” qəzeti yazırdı: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” Parisin “Le Mond” qəzeti isə qeyd edirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər.” Bu məlumatlar, Xocalıda törədilən cinayətlərin reallığını bir daha sübut edir. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və törədilən cinayətlərin cəzasız qalmaması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası başladılmışdır. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. Bu kampaniya, dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin tanınması və erməni cinayətkarlarının mühakimə edilməsi üçün mübarizə aparır.
Hər il 26 Fevral tarixində Azərbaycanın bütün regionlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. Sükut dəqiqəsi keçirilir, mərasimlər və tədbirlər təşkil olunur. Bu gün, Azərbaycan xalqının birliyini və müqavimət ruhunu göstərən məqamdır.
Xocalı faciəsinə ilk siyasiqiymət kimi 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevxüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və millimatəm günü” elan olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Xocalı soyqırımı, yalnız Azərbaycan xalqının yaddaşında deyil, bütün dünyanın yaddaşında qalacaq tarixi bir cinayətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.” Bu cinayətlərin unudulmaması və cəzasız qalmaması üçün “Xocalıya Ədalət” kampaniyası davam etdirilməlidir.
Bu gün böyük fəxr hissi ilə deyə bilərəm ki, hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli iradəsi ilə başlayan İkinci Qarabağ savaşı Azərbaycanın şərəfli Zəfəri ilə nəticələndi. Qələbə qazanmış Ali Baş Komandanın rəhbərliyi altında igid Azərbaycan Ordusu böyük cəsarət və yüksək hərbi hazırlıq nümayiş etdirərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalmış ərazilərimizi azad etdi. Bu ədalət mübarizəsində tarix yaradan ordumuz tərəfindən darmadağın edilən düşmən qüvvələri arasında Xocalı faciəsinin günahkarları da var idi. Tarixi Zəfər qazanan ordumuz bu qırğının məsum qurbanlarının intiqamını aldı. Xocalıda və Qarabağ uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhu əbədi rahatlıq tapdı.
Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini