Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Artıq beşinci ildir ki, xalqımız bu gözəl el bayramını doğma Qarabağımızda, Şuşada, Kəlbəcərdə, erməni işğalından xilas edilən gözəl torpaqlarımızda qeyd edir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını xalqımız böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün başqa bir büsata, başqa bir ovqata bürünüb.
Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir.
1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Bəli, artıq o gün gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq beşinci ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur.
Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlətimizin başçısı qələbədən sonra qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən - Şuşadan çatdırdı. Ümummilli Liderin xilaskarlıq missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibətilə təbrik etməsi, tonqal ərafında səsləndirdiyi fikirlər düşmənə, onların havadarlarına növbəti siyasi mesaj oldu.
«Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi».
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bildirib: «Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Noyabrın 8-də Azərbaycan xalqına Şuşanın azad olunması müjdəsini verərkən “Şuşa, sən azadsan!” dediyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün azad Şuşada biz öz milli bayramımızı - Novruz bayramını qeyd edirik. “Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq».
Bayram tonqalını alovlandıran Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər hər birimizdə qürur və iftixar yaradır.
Bəli, məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Əmin olmağa dəyər ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir.
Bu gün ölkəmiz regionun lideri kimi inkişafın və sabitliyin təminatçısı statusundadır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri ilə xarabalığa çevrilmiş bölgədə müasir tələblərə cavab verən yaşayış məntəqələrinin qurulması ilə ölkəmiz mövcud problemlərin sürətlə həll edilməsinə nail olur. İşğal dövründə düşmən tərəfindən vandalcasına dağıdılan yaşayış məntəqələrinin bərpasını qüdrətli Azərbaycan heç bir ölkədən, beynəlxalq təşkilatlardan yardım almadan öz hesabına həyata keçirir. Və sözsüz ki, həmin bölgələrin abadlaşdırılması və yenidənqurulması birbaşa olaraq dövlət başçımızın nəzarətindədir.
Elə bu baxımdan Cənab Prezidentin düşmən tapdağından xilas olunmuş ərazilərə mütəmadi səfərləri hər dəfə böyük ictimai hadisəyə çevrilməklə yanaşı, ümumxalq sevincinə səbəb olur. Çünki ölkə başçısının hər səfəri yeni abadlıq-quruculuq işlərinin daha geniş və intensivləşməsinə meydan açmaqla yanaşı, qalib ölkənin qalib liderini azad olunmuş Vətən torpağında görmək, dövlət maraqlarımıza uyğun qlobal əhəmiyyətli bəyanatlarını dinləmək bütöv bir xalq üçün qürurvericidir.
Beləliklə, Cənab Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər bir növbəti səfəri “Böyük Qayıdış” proqramının uğurla reallaşdığının nümayişinə çevrilir. Gözəl Qarabağımız yenidən qurulur. Vətən müharibəsi şəhidlərinin ruhu isə hər zaman Qarabağda dolaşacaq və , Qarabağı öz baharına qovuşduran şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsi hər evdə, hər ailədə əziz tutulacaq. Baharın əbədi olsun, əziz Qarabağ! Bahar bayramın mübarək olsun, doğma Azərbaycan!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri