Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan özünün ən qürurverici, şərəfli dövrünü yaşayır. İnsanlarımız xöşbəxt və sevinclidir. Ona görə ki, son iki yüz illik tariximizdə ilk dəfə olaraq itirdiklərimizlə barışmadıq və Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu. Artıq keçmiş qaçqın və köçkünlər yenidən qurulan, inşa olunan doğma yurd-yuvalarına qayıdırlar. Qarabağımızda çal çağırdı, bayram bayrama qarışıb, hər kəs sevinir, şadyanalıq edir. Təbii ki, mövcud gerçəklikləri qeyd etdiyimiz kimi, tarixi faciələri də unutmaq olmaz. Unutqanılıq bir millətin faciəsi, yeni fəlakətlərlə üzləşməsi olar. Yaddan çıxarmaq olmaz ki, ötən əsrin 90-cı illərində Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Vətəndaş mühiribəsi qaçılmaz görünürdü. Xaos və anarxiyadan hiyləgərliklə yaralanan terrorçu Ermənistan dövləti ölkəmizin kənd və qəsəbələrini, rayonlarını işğal edirdi. Bu faciəli dövrdə minlərlə insan həyatını itirdi, yaralandı, əlil oldu, şəhər və kəndlərimiz erməni-rus hərbi birləşmələri tərəfindən dağıdıldı. Digər faciəvi hal isə ondan ibarət idi ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin bugünkü inkişafı üçün möhkəm təməl oldu. Müraciətdə qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”. Ulu Öndər Heydər Əliyevin “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması “obyektiv zəruriyyətdən doğur” söyləyən Ulu Öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 850 minə yaxın üzv birləşib. Partiyanın hər bir üzvü Dahi Öndər Heydər Əliyev ideyalarının, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır. Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın yoluna işıq salır, onun hədəflərini açıqlayır.
Azərbaycanın dünəni və bu günü kimi sabahı da Ulu Öndərin adı ilə bağlı olacaq
Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin YAP-ın altenativsiz partiya olduğunu bildirmişdir: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir” fikirləri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Azərbaycanın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, Yeni Azərbaycan Partiyasının 1998, 2003, 2008, 2013 və 2018-ci il prezident, 1995, 2000, 2005, 2010, 2015-ci il parlament, 1999, 2004, 2009, 2014-cu il bələdiyyə seçkilərində uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir. Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər də xalqımız tərəfindən dəstəklənmişdir. “Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.
1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçiliyinin xilası, xalqın sabaha olan ümidsizliyinin aradan qaldırılmasına təkan oldu. Dahi Öndərimiz Heydər Əliyev qısa zamanda ölkədə siyasi, ictimai sabitliyə nail oldu, sosial-iqtisadi sahədə həyata keçirdiyi fundamental işləri nəticəsində xalqın rifah halı tədricən yaxşılaşmağa başladı, ordu quruculuğunda, sənayedə, kənd təsərrüfatında, elmdə, mədəniyyətdə və digər sahələrdə xalqın itək və arzularına müvafiq olaraq islahatlar aparıldı və bu islahatlar öz müsbət nəticələrini verdi. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycan regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına bu gün işğaldan azad edilən ərazilərimizdə, eləcə ölkəmizin bir sıra bölgələrində əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkənin hərtərəfli inkişafını təmin edir. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Azad və demokratik bələdiyyə, parlament, prezident seçkiləri keçildi. Bu seçkiləri nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentinin təmsilçiləri yaxından izləyərək, seçkilərin əksər ölkələr üçün nümunə olduğunu bəyan etdilər. Məhz bu baxımdan birmənalı şəkil qeyd etmək olar ki, Azərbaycanda azad, demokratik seçki ənənəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub
Qarabağın işğaldan azad edilməsinin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr prezident seçkilərində qoyuldu
Tam qətiyyətlə və əminliklə qeyd etmək olar ki, Ulu Öndərimiz Heydər Əliyevin xalq və dövlətimiz qarşsında ən böyük xidmətlərindən biri Azərbaycanı məhv olmaqdan xilas edərək güclü və qüdrətli dövlətə çevirməsidirsə, digəri Cənab İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsidir. Cənab İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, lakin yarımçıq qalan işlərini uğurla başa çatdırması ilə fenomen lider, qalib bir dövlətin Müzəffər Prezidentidir. 1 oktyabr 2003-cü ildə prezident seçkiləri ərəfsində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqa müraciətində demişdir: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən 21 il ərzində Prezident İlham Əliyev tərəfindən böyük layihələr, fundamental işlər həyata keçirib. Birmənalı şəkil də demək olar ki, Prezident İlham Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsi xalqa verdiyi bütün vədləri yerinə yetirib. Azərbaycan Prezidenti İlham Əliyevin son 21 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Bu günümüzün reallıqları bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Təbii ki, enerji sektorunda da uğurlarımız davamlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi” nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi mərkəzinə çevrilən dövlət olduğunu təsdiqləyir.
Azərbaycan müstəqillik tarixinə qızıl hərflərlə yazılan 2020-ci il 27 sentyabr
2020-ci il sentyabrın 27 -də başlayan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan 30 il işğal altında olmuş torpaqlarımızın erməni işğalından azad etdi. Bu hərbi, siyasi, diplomatik qələbə Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsi ilə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü il ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan dövləti Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Bölgədə kök salan separatizm ləğv olundu, terrorçu idioloqlar həbs olunaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Bu gün artıq Qarabağ münaqişəsi mövcud deyil. Yalnız azad olunan, yenidən qurulan və qurulması fonunda inkişaf edən Qarabağımız mövcuddur. Biz bir xalq olaraq Prezident İlham Əliyevin dediyi kimi əbədi olaraq Qarabağımızda, o dilbər diyarda yaşayacağıq. Bütün bunlar bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, əsasını qoyduğu işlər, Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət bundan sonra da ölkəmizə böyük qələbələr qazandıracaq.
İLHAM ƏLİYEV