PDF Oxu

Siyasət

  • 361

Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirlir

image

Bakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Foruma yüksək səviyyədə ev sahibliyi etdi. Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.

Mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilən Qlobal Bakı Foruma dünya ictimaiyyətinin marağıhər il daha da artır. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezidentin, Baş nazirin, həmçinin BMT strukturlarının rəhbərlərinin, alimlərin və ekspertlərin iştirakı bunun əyani təsdiqidir.

Adı Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla birgə çəkilən Qlobal Bakı Forumu dünya ölkələrini birləşdirən səmərəli platforma kimi beynəlxalq liderləri bir araya gətirərək yeni çağırışların müzakirəsinə şərait yaratdı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni, müasir dövrün vacib məsələlərini önə çəkən XII Qlobal Bakı Forumunda ölkəmizin Prezidenti cənab İlham Əliyev çıxış edərək regionda və dünyada cərəyan edən proseslərlə bağlı fikirlərini səsləndirdi.Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” və digər əhəmiyyətli mövzularda panellər üzrə müzakirələr aparıldı.

Ötən il ölkəmizin evsahibliyi etdiyi COP29-un uğurlu nəticələrindən söz açan Prezident cənab İlham Əliyev Forumda çıxış edən xatırladıb ki, COP29 kimi beynəlxalq tədbirin keçirilməsinə hazırlıq üçün bütün ölkələrə iki il vaxt verildiyi halda, Azərbaycan bu tədbirə evsahibliyi etmək üçün bir ildən daha az müddətdə hazırlıq görmüşdür:”Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”.

Ölkə Prezidenti İlham Əliyev mötəbər tədbirdə çıxışı zamanı Ermənistan tərəfindən xalqımıza qarşı törədilən cinayətləri, torpaqlarımızda apardıqları vandalizm aktlarını da diqqətə çatdırmışdır: “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi.”

Ölkə Prezidenti həmçinin onu da bildirdi ki, törədilən hadisələrə baxmayaraq, Azərbaycan bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin müəllifidir. Burada əsas məqsəd Cənubi Qafqazda sülhə nail olmaqdır. 44 Günlük Vətən müharibəsində Azərbaycanın mübarizəsi ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir.

Etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən Azərbaycanda reallaşan Qlobal Bakı Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da müzakirə edildi. Qürurverici haldır ki, Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirlir vəyeni çağırışların müzakirəsinə şərait yaradır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər