PDF Oxu

Siyasət

  • 890

Azərbaycan beynəlxalq dialoqa davamlı töhfələr verir

image

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınması və nüfuz qazanması özündə bütün məqamları ehtiva edir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15 tarixlərində keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda səsləndirilən çağırışlar, qarşıya qoyulan hədəflər bu gün ölkə mətbuatında geniş şərh edilir. Forumun açılışındakı çıxışında dövlət başçısı İlham Əliyev “Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib” söyləyərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdalığını ifadə etdi. O da qeyd edildi ki, Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak etdilər. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı.
Dövlət başçısı İlham Əliyev tədbirin açılış mərasiminin sonunda belə bir əminliyi ifadə etdi ki, həmişə olduğu kimi, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəklər.
Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynadı. Müxtəlif regionlardan iştirakçıların qatılması forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək.
Prezident İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına müsahibə verdi. Bu müsahibə də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, hazırkı dövrün çağırışlarının, həmçinin ənənəvi olaraq 12 ildir keçirilən Qlobal Bakı forumlarının əhəmiyyətini açıqladı. Builki tədbirin nəticələrinə gəldikdə cənab İlham Əliyev bildirdi ki, ümid edirəm iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından da bəlli oldu ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır: “Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”.
Ümumilikdə həm XII Qlobal Bakı Forumu, həm də dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsi Azərbaycanın iqtisadi və siyasi baxımdan beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu nümayiş etdirdi. Uğurlarımız möhkəm təmələ, düşünülmüş siyasətə, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasına əsaslanır.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər