PDF Oxu

Siyasət

  • 1 420

Ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı

image

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti müsahibədə ilk olaraq dünya nizamından söz açıb və artıq dünya nizamının mövcud olmadığını dilə gətirib. Bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir deyən dövlətimizin başçısı bu vəziyyətdən çıxış yolunu da göstərib. Ölkə başçısı, həmçinin milli maraqlarımız məsələsində ölkəmizin heç kəsə və ya heç bir təsisata arxalanmadığını “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə bir daha çatdırıb.

Bu gün Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, biz öz resurslarımız hesabına suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik. Dövlətimizin başçısı, həmçinin təəssüflə vurğulayıb ki, hazırda münaqişələrin sayı artmaqdadır, yalnız Qarabağda olan münaqişə öz həllini tapıb. Özü də bu beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi. Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çökdürüldüyünün şahidi oldu.
Dövlətimizin başçısı İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ-nin ölkəmizə qarşı qərəzli mövqeyindən bəhs edib. ABŞ-la bağlı məsələyə toxunan Prezident İlham Əliyev sözügedən ölkənin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirdiyimizi vurğuladı. Təbii ki belə bir mövqeyin arxasında Azərbaycan və Ermənistan arasında, xüsusilə, keçmiş Dağlıq Qarabağ regionu ilə bağlı uzun müddət davam edən münaqişə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Vaşinqtonun bu cür davranışını və onun konkret əlamətlərini çox gözəl izah etmişdir. ABŞ bütün bunların üstündən xətt çəkərək, beynəlxalq hüquqa sığmayan formada Azərbaycanı “işğalçı müharibə” aparmaqda ittiham etməyə başladı. Onunla kifayətlənməyərək, regionda pozucu fəaliyyətini gücləndirdi, bu istiqamətdə praktiki addımlar atdı. Bu fəaliyyətin nümunəsi kimi ABŞ Konqresi, Dövlət Departamenti və KİV-nin Azərbaycana qarşı tutduğu mövqe milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Lakin yeni mərhələdə artıq Tramp administrasiyası ilə Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq.
Bu gün cənab Prezidentin yürütdüyü siyasət dünyada sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Reallıq budur ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, müstəqil siyasəti ilə davamlı uğurlara imza atır. Müsahibədə yer alan hər bir məsələ müasir dövrün çağırışlarını özündə əks etdirərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı kimi qiymətləndirilməlidir.
Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qərəzli kampaniyaların ifşa edilməsi baxımından da böyük önəm kəsb edir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər