Bütün dünyadan siyasətçiləri və ekspertləri bir araya toplayan əsas tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq 12-ci dəfə baş tutan "Dünya düzəninin yenidən nəzərdən keçirilməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda forumda qlobal miqyasda narahatlıq doğuran mühüm problemlər müzakirə olundu, həll yolları araşdırıldı, müvafiq tövsiyə və təkliflər irəli sürüldü. Forum çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə beynəlxalq münasibətlər, regional sabitlik və Azərbaycanın milli maraqları ilə bağlı vacib məsələlərə toxunub. Müsahibə zamanı dövlət başçısı bir neçə əsas məqamı vurğulayıb.
İlk öncə olaraq, Prezident İlham Əliyev beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Qlobal Bakı Forumunun mühüm rol oynadığını bildirib. Dövlət başçısı forumun qlobal səviyyədə siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib. Prezident beynəlxalq ictimaiyyətin hansı model üzrə fəaliyyət göstərəcəyinin hələ aydın olmadığını, amma hər bir dövlətin öz daxili resurslarına güvənməli olduğunu vurğulayıb. Bundan əlavə, Qarabağ məsələsində Azərbaycanın beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğunu və buna baxmayaraq, öz resurslarına arxalanaraq ərazi bütövlüyünü bərpa etdiyini, həmçinin bəzi beynəlxalq təşkilatların ya gücsüzlük nümayiş etdirdiyini, ya da tamamilə iflic olduğunu qeyd edib. Dövlət başçısı gələcəkdə dövlətlərin daha çox ikitərəfli münasibətlərə önəm verəcəyini qeyd edərək, qlobal idarəçilik modelində dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb. Müsahibəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin müasir beynəlxalq münasibətlərdə tutduğu strategiyanın əsaslarını ortaya qoyur. O, qlobal dəyişikliklərə realist yanaşaraq, milli maraqların qorunmasını və regional sabitliyin təmin edilməsini prioritet kimi qeyd edib. Müsahibə Azərbaycanın müstəqil və öz resurslarına əsaslanan siyasət yürütməsinin uğurlu bir model olduğunu bir daha təsdiqləyir.
Dünya nizamına toxunan Prezident, mövcud beynəlxalq sistemin artıq işləmədiyini və yeni bir nizamın formalaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətindədir. Hazırda dünyada sürətli dəyişikliklər gedir və bəzi proseslər xaotik xarakter alır. Son illərdə qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər daha mürəkkəb hala gəlib. Belə ki, əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bundan əlavə, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Dövlət başçısı İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.
Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyini və gələcək strategiyasını açıq şəkildə ifadə etdiyi mühüm çıxışlardan biri kimi yadda qalıb. Prezidentin açıqlamaları Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və regionda davamlı sülhün təmin edilməsi istiqamətindəki addımları baxımından xüsusi əhəmiyyət daşıyır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini