Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyildiyi kimi, "Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur."
Novruz sözünün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar.
Mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Elimizə, obamıza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İlıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Dövlət başçısının təbrikində deyilir: "Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir."
Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Novruz bayramı haqqında müxtəlif rəvayətlərə, onun yaranması səbəblərinə, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrə yazılı nümnələrdə rast gəlirik. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir. Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prossesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik.
YÜZİLLİKLƏRİN ADƏT-ƏNƏNƏLƏRİ
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir. "Papaq atmaq", "qulaq falı", "tonqaldan tullanmaq", "üzük falı", "səməni əkmək", "yumurta döyüşdürmək" və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə "S" hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
"HƏR KƏSİN EVİNDƏ MÜTLƏQ SƏMƏNİ DƏ, RƏNGLƏNMİŞ YUMURTALAR DA, PLOV DA VAR İDİ"
Məlumdur ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr edən Ümummilli Lider, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə imperiyanın sərt qadağalarına baxmayaraq, xalqımızın yaddaşında kök salmış Novruz bayramı qeyd edilmişdir. Belə ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi".
Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
BEYNƏLXALQ NOVRUZ GÜNÜ
Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında "Novruzun çələngi" və "Ocaq" kimi Azərbaycan filmləri də çəkilib.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hərəmiz bir ağac əkək" kampaniyası başlamışdır.
Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bu proses "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində də davam etdirilmişdir.
"NOVRUZ BAYRAMI MİLLİ HƏMRƏYLİYİMİZİ GETDİKCƏ DAHA DA MÖHKƏMLƏNDİRİR"
Müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.
Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Azərbaycan xalqı artıq beşinci ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidentinin "Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar", - fikirləri təbrikdə ifadə olunub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. İlk olaraq Şuşada Novruz tonqalı qalandı. Prezident İlham Əliyev 20 mart 2021-ci il tarixində Şuşada Novruz bayramı təbrikində belə demişdir: "Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. …Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik". İndi bütöv Azərbaycanda Novruz tonqalları alovlandırılır.
Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəxş etsin!
Zümrüd BAYRAMOVA