“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.Binəqədi rayonunda bu il “Novruz bayramı” 7-ci mikrorayon Abay Kunanbayev-66 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə keçirilib.
Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, məhəllə sakinləri iştirak ediblər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirilib. Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilərin ifasında müxtəlif mahnılar səslənib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibətilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar.Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səsləyib. Hazırlanan müxtəlif növ bayram şirniyyatları tədbir iştirakçılarına təklif olunub.Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.