Bu gün beynəlxalq müstəvidə mürəkkəb proseslər davam edir, münaqişələrin sayı artmaqdadır. Artıq dünya nizamı mövcud deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu mövzuda fikirlərini geniş ifadə edib.
Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verirlər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Cənubi Qafqaz regionunda proseslərə gəlincə, dövlət başçısının qeyd etdiyi kimi, bu bölgə uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Ermənistanın işğalçılıq siyasəti 30 il regionda müharibə şəraitinin davam etməsinə səbəb olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Dayanıqlı sabitlik üçün ölkələr arasında sülh sazişi imzalanmalıdır. Ermənistan sülhün əldə olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Hazırda dünyada yeni nizamın müəyyənləşdirilməsi prosesi baş verir. Belə bir şəraitdə beynəlxalq güclərdən asılı olan dövlətlər və xalqlar çətin sınaqlar qarşısındadır. Çünki kənar qüvvələrin diktəsi ilə idarə olunanlar azad şəkildə öz gələcəkləri üçün qərar vermək iqtidarında deyil. Amma müstəqil siyasət yürüdən ölkələr isə bu prosesdə öz rolunu oynayır. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.
Dövlətimizin başçısının mövcud beynəlxalq münasibətlər sistemi haqqında fikirləri ilə dünya miqyasında nə qədər güclü lider olduğunu bir daha təsdiqləyir. Xüsusilə, Azərbaycan Prezidenti müstəqil dövləti necə qorumağın nümunəsini təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli maraqların təmin olunması məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Azərbaycan nümunəsi göstərir ki, hər bir ölkə öz taleyinin sahibi olmalıdır.
Öz milli dövlətlərini qorumaq istəyən xalqlar Azərbaycan Prezidentinin tövsiyələrinə istinad etməlidir. Çünki bu fundamental yanaşma hər bir milli dövlətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev müsahibəsində XII Qlobal Bakı Forumunun əhəmiyyətindən də geniş bəhs edib. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər.
Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri