“Erməni daşnaklarının 1918-ci ilin mart-aprel aylarında bolşeviklərlə birləşib azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 107 il ötür. Etnik, dini və milli zəminində düşünülmüş və sistematik şəkildə həyata keçirilmiş bu bəşəri cinayət ermənilərin azərbaycanlılara qarşı patoloji nifrətinin, anti-insani münasibətinin bariz nümunəsidir.
XX əsrin əvvəllərində Azərbaycanda milli oyanışın baş qaldırması, müstəqil dövlət quruculuğu istiqamətində səylərin güclənməsi daşnak-bolşevik cütlüyünü ciddi narahat edirdi. Onlar 1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisini tərkisilah edəndən iki gün sonra əliyalın Bakı əhalisini qırmağa başladılar. Təkcə paytaxtda 15 mindən çox müsəlman qətlə yetirildi. Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə öldürülən Azərbaycanlıların sayı 30 mindən çox idi. Onların çoxunun meyiti tapılmadı. Çünki ermənilər öldürdükləri şəxsləri yandırırdılar. Bu, bəşər tarixində misli-bərabəri olmayan bir qətliam idi. 31 Mart soyqırımı ermənilərin müsəlmanlara, türklərə qarşı törətdiyi terror aktolarının, hərbi cinayətlərinin ən qanlısı, ən dəhşətlisi idi”.Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, daşnaklar müsəlmanları qətlə yetirməklə kifayətlənmirdilər, həm də onların əmlaklarını müsadirə edir, evlərinə od vururdular: “Qətlə yetirilən müsəlmanlara olmazın işgənclər verən ermənilər, xüsusilə, qadınlara qarşı amansız davranıblar. Maddi-mədəniyyət və tarixi abidələrimizi belə dağıtmaqdan çəkinməyən erməni quldurları Təzəpir məscidinin, “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin, “Kaspi” qəzetinin, “Dağıstan” mehmanxanasının binalarını dağıtdıblar. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdilər.Azərbaycanlılara qarşı törədilən bu soyqırımı aktına ilk dəfə siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olub. 1919 və 1920-ci illərdə 31 mart iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əgər Xalq Cümhuriyyəti 23 ay sonra devrilməsəydi, dövlətimiz həmin hadisələrə hüquqi qiymət verəcəkdi, insanlıq əleyhinə cinayət törətmiş erməniləri tapıb məsuliyyətə cəlb edəcəkdi. 28 aprel 1920-ci ildə AXC devriləndən sonra sovet hökuməti Mart soyqırımının xalqımız tərəfindən unudulması üçün əlindən gələni etdi, tarix dərsliklərini saxtalaşdırdı. Mart hadisələrinə ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Onun 1998-ci il martın 26-da imzaladığı Sərəncamla hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 2007-ci ildə Qubada stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edildi. Orada tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. Bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan bu abidə xalqımızın ziyarətgahına çevrilib.Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb”.Deputat sonda qeyd etdi ki, bəşər tarixinə faciə kimi düşən 31 Mart soyqırımı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir: “31 Mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Həmin hadisələr zamanı şəhid olan azərbaycanlıların ruhu daim uca tutulacaq. Onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 19 sentyabr 2023-cü ildə bir günlük əməliyyat zamanı torpaqlarımızda erməni separatizminin kökünü kəsdi. Ordumuz erməni terrorunun qurbanı olan bütün müsəlmanların, türklərin intiqamını döyüş meydanında aldı. Bu gün şəhidlərimizin ruhu şaddır. Onları qisası yerdə qalmadı. Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin, o cümlədən 1918-ci ilin martında baş vermiş hadisələrin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir".