“Ermənilər zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı, günahsız insanların acı taleyi barədə məlumatlar ölçüyəgəlməzdir. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Belə ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Malik Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi keçmişimizin obyektiv mənzərəsini təqdim etmək imkanı yarandı: “Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il 26 mart tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənədə əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu Öndər Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu ildə Tədbirlər Planını təsdiq etmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Ötən dövr ərzində tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir”.Millət vəkili diqqəti 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlığın aşkarlanmasına yönəldib. Bildirib ki, məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2009-cu ildə imzaladığı Sərəncam ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. 2013-cü ildə Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında bir daha bu reallığı diqqətə çatdırdı ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.Malik Həsənov qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədildi. Bu faciə nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılıb, başının dərisi soyulub, boynu vurulub, gözləri çıxarılıb, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürülüb. Xocalı şəhəri xarabalığa çevrildi. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, tarixi ədalət bərpa edildi. Tarixi Zəfərimizdən üç il sonra Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə qürurla dalğalanır. Xocalı şəhəri ötən il sakinlərinə qovuşdu. Bu il dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramında Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşdü, onlarla birlikdə Novruz tonqalını alovlandırdılar. İşğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa, quruculuq işləi həyata keçirilir”.
Millət vəkili bildirib ki, həqiqətlərimizin təbliği, faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması bütün dövrlərdə qarşıya qoyulan əsas hədəflərdəndir: “Tariximizin öyrənilməsi, azərbaycanlılara qarşı törədilən soyqırımlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamlarını xüsusi qeyd etməliyik. Atılan hər bir addım Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün təmin edilməsinə, tariximizin hər bir səhifəsinin öyrənilməsinə və təbliğinə xidmət edir. Azərbaycan xalqı zəngin tarixə malik olmaqla yanaşı, tarixinə sahib çıxan, yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olan xalqdır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının ardınca tarixi ədalətə söykənərək növbəti hədəfə doğru addımlayırıq. Tezliklə Qərbi Azərbaycana qayıdışımızın da sevincini yaşayacağıq”.