PDF Oxu

Siyasət

  • 625

Ağdam və Şuşanın böyük dirçəliş dövrü

image

Prezident İlham Əliyev: "Qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir"

27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamda abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

"İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar." Bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla, ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı.

"ELƏ BİR ŞƏHƏR QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA BİZƏ HƏSƏD APARACAQ"

Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukuru dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. "Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır", - deyə Prezident çıxışında bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir".

Mənfur düşmənin bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxladığını bildirərək birinci bərpa olunan binanın Ağdam məscidi olduğunu diqqətə çatdırmışdır. Burada Muğam Mərkəzi inşa edilir. Artıq "İmarət" Kompleksi, Natəvanın qəbri bərpa olunub. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılmış və yenidən qurulmuşdur. "Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək. Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq", - deyə dövlətimizin başçısı bildirib.

Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.

Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar. Birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ TƏHSİL İNFRASTRUKTURU

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin ərazilərdəki təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər. 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

"AĞDAM RAYONUNUN İŞĞALDAN SONRA BİRİNCİ YAŞAYIŞ MƏNTƏQƏSİ KEÇMİŞ KÖÇKÜNLƏRİN SƏRƏNCAMINA VERİLİR"

Buraya yeni mənzillərə köçən sakinlərə göründüyü kimi lazımi şərait yaradılıb. Ramazan bayramı ərəfəsində kəndin istifadəyə verilməsi keçmiş köçkünlər üçün ikiqat bayrama çevrilib. "Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək".

"AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ İNDİ 40 MİNDƏN ÇOX İNSAN YAŞAYIR VƏ ÇALIŞIR"

Prezident İlham Əliyev onu da bildirib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır: "İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız".

Bildiyimiz kimi, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin dövlət başçısı tərəfindən təməli qoyulmuşdur. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Əlbəttə ki, dövlət başçısının Ağdam rayonuna səfərləri bu ərazidə görülən işlərin daha sürətli reallaşmasının təzahürüdür.

TARİXİ HADİSƏLƏRİN ŞAHİDİ ŞUŞA

Qarabağın tacı Şuşa da yeni dövrünü yaşayır. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın hərbi-diplomatik uğurlarının təzahürüdür. Qarabağın incisi hesab olunan Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi əlbəttə ki, müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.

Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. İşğal altından azad olunan ərazilərimiz kimi Şuşada da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.

Şuşada tarixi Çöl Qala məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb. Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə "Qurani-Kərim"dən ayələr və naxışlar işlənib. Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar. Küçədə ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq-Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.

"BÜTÜN BUNLAR ÖZ GÜCÜMÜZƏ HƏLL OLUNAN LAYİHƏLƏRDİR, MƏSƏLƏLƏRDİR"

Yeni Şuşa məscidinin də təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirəcək. Bu, Şuşanın və Qarabağın işğaldan on birinci ayda azad edilməsinin rəmzidir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə 29 ildən sonra yenidən "Xarıbülbül" musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm "Xarıbülbül" musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. 15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. İdeoloji mərkəzə çevrilən Şuşada imzalanan Müttəfiqlik haqqında Bəyannamə dost ölkələr arasındakı əlaqələri daha yüksək zirvəyə qaldırdı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması ilə yanaşı Şuşada Yaradıcılıq Mərkəzi də istifadəyə verilib. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür.

"Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər